00:00:00
Yazar
Elmira Ağayeva
31.07.2026 19:53 28 3 dəq oxuma
Sosial

Psixoloji kitablar həyatımızı dəyişə bilərmi?

Psixoloji kitablar həyatımızı dəyişə bilərmi?

 

Son illərdə mütaliə vərdişlərində psixoloji mövzulu əsərlərə, özünəyardım nəşrlərinə və insan davranışlarını təhlil edən kitablara maraq kəskin artıb. Oxucuların daxili aləmini anlamaq, emosional problemlərə cavab tapmaq və ya sadəcə özünü kəşf etmək istəyi bu janrı bestseller siyahılarının ön sırasına çıxarıb. Bəziləri bu tendensiyanı müasir insanın özünə dönmə cəhdi, bəziləri isə sadəcə kütləvi mədəniyyətin ötəri bir dəbi kimi qiymətləndirir. Mövzunun həm bədii, həm də psixoloji tərəflərini işıqlandırmaq üçün hər iki sahənin mütəxəssisinə müraciət etdik.

 

Mövzu ilə bağlı tanınmış yazıçı Elxan Elatlı “İnformator.az”a açıqlamasında bildirib ki, elmi xarakterli özünüinkişaf kitabı yazan müəllifin təbii ki, psixoloji təhsili olmalıdır:

 


"Fikrimcə, müasir oxucu, bunu etiraf etsə də, etməsə də, oxuduğu bədii əsərlərdə öz emosiyalarının, içində gizlədiyi hisslərin cavabını axtarır. Lakin bunu əsərdə tapması üçün süjet xəttinin maraqlı olması da, bədii qəhrəmanın dolğun yaradılması da vacib şərtlərdir. Elmi xarakterli özünüinkişaf kitabı yazan müəllifin təbii ki, psixoloji təhsili olmalıdır. 
Lakin bunu psixoloji romanlara aid etmək olmaz. Psixoloji roman yazmaq üçün müəllifə ilk növbədə yazıçılıq istedadı, həyat təcrübəsi və güclü müşahidə bacarığı lazımdır. Əsərdə obrazların daxili aləminə nüfuz edərək onların iç dünyasını bədii dildə açıb göstərə bilmək məhz yazıçılıq istedadının bir hissəsidir. Bunun üçün psixoloji təhsil tələb olunmur".


Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva isə açıqlamasında bildirib ki, tibbi kitab oxumaq insanı həkim etmədiyi kimi, psixoloji kitab oxumaq da insanı mütəxəssis etmir:


"Psixoloji kitablar insanlara həqiqətən faydalı ola bilər və psixologiyamıza təsir göstərir. Amma onların rolu terapiyanı əvəz etmək deyildir. Bir terapiyanın verdiyi nəticəni kitablar təmin edə bilməz. Bu kitabların əsas faydası insanın özünü daha yaxşı tanımasına kömək etməkdir. Elmi əsaslara söykənən yaxşı yazılmış kitablar duyğuları anlamağa, davranışları analiz etməyə və problemlərə fərqli baxış bucağından baxmağa imkan yaradır. Ancaq kitablar hər kəs üçün eyni təsirə malik deyil. Çünki hər insanın həyat hekayəsi, travmaları, psixoloji vəziyyəti, emosiyaları və baxış bucağı fərqlidir. Kitab ümumi istiqamət göstərə bilər, lakin fərdi problemlərin həlli üçün bəzən peşəkar dəstək lazımdır. Burada əsas problem budur ki, bəzi insanlar kitab oxuduqdan sonra artıq psixoloqa ehtiyaclarının olmadığını düşünürlər. Halbuki kitab yalnız məlumat verir, terapiya isə həmin məlumatı insanın həyatına və fərdin özünə uyğunlaşdırır.
​Psixologiyada hamıya uyğun vahid bir yanaşma yoxdur. Sosial şəbəkələrdə və bəzi kitablarda "özünü sev", "hər şey düzələcək", "özünə dəyər ver", "keçmişi burax", "pozitiv düşün" kimi vurğulanan olumlamalar və tövsiyələr bəzi insanlar üçün faydalı olsa da, digərləri üçün kifayət etmir. Çünki hər kəs eyni yaşanmışlığa və psixologiyaya sahip deyil. Ağır travma alan, depressiya, anksiyete və ya obsesiyadan əziyyət çəkən insanlara yalnız motivasiyaedici cümlələr demək problemi həll etmir. Hətta bəzən bu, insanda günahkarlıq hissini artırır. Başqalarının bacardığını görüb özünün eyni nəticəni ala bilmədiyini düşünən şəxs özünü günahlandırmağa başlayır və olan-qalan motivasiyasını da itirir. Psixoloji kitab oxuyaraq insanların özünə yanlış diaqnoz qoyma riski yüksəkdir. Son illərdə insanlar sosial şəbəkələrdən və kitablardan müəyyən əlamətləri oxuyaraq özlərinə diaqnoz qoyurlar. Ancaq bir neçə simptomun olması həmin diaqnozun mövcudluğu demək deyildir. Bir kitabla bu nəticəyə gələ bilmərik. Diaqnozu yalnız peşəkar mütəxəssisin qiymətləndirməsi ilə ayırd etmək mümkündür.
Psixoloji maariflənmə çox vacibdir, amma özünü tanımaqla özünə diaqnoz qoymaq eyni şey deyildir. Özümüzü tanımaqla, insanların psixologiyasını azdan-çoxdan anlamaqla "bu kitab mənə nə qatır" deyə baxaraq yönəlməliyik.
Tibbi kitab oxumaq insanı həkim etmədiyi kimi, psixoloji kitab oxumaq da insanı mütəxəssis etmir. Psixoloji kitablar xəritəyə bənzəyir. Bizə yol göstərir, maariflənməyimizə dəstək olur, ancaq həmin yolu bizim yerimizə gedə bilməz. Dəyişimin özü yalnız oxumaqla yox, öyrəndiklərimizi gündəlik həyata tətbiq etməklə və lazım gəldikdə peşəkar dəstək almaqla başlayır. Yaşadıqlarımız, hekayələrimiz və travmalarımız hər birimiz üçün fərdidir".


Samirə Allahverdizadə

#Psixolojikitablar #psixologiya #kitab
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər