00:00:00
Yazar
Admin User
26.12.2025 15:03 184 2 dəq oxuma
Sosial

Psixoterapevt: Stress yalnız xarici deyil, daxili amillərlə bağlıdır

Psixoterapevt: Stress yalnız xarici deyil, daxili amillərlə bağlıdır

Müasir həyatın sürətli tempi, artan məsuliyyətlər və sosial gözləntilər stressi gündəlik həyatımızın ayrılmaz hissəsinə çevirib. Stress bəzən motivasiya yaratsa da, uzunmüddətli olduqda həm psixoloji, həm də fiziki sağlamlığa ciddi təsir göstərir. Bu səbəbdən stressin səbəblərini anlamaq və onunla düzgün mübarizə yollarını öyrənmək xüsusilə vacibdir. 

 

Mövzu ilə bağlı psixoterapevt Dilbər Bəhmənli "İnformator.az"a açıqlamasında bildirib ki, stress ilk növbədə insanın gündəlik davranış ritmində dəyişikliklərlə özünü göstərir:

 

"Adətən, səbirsizlik, tez əsəbiləşmə, diqqətin dağılması və qərarvermədə çətinliklər yaranır. İnsan daha əvvəl rahatlıqla yerinə yetirdiyi işlərdə belə yorğunluq və istəksizlik hiss edə bilər. Sosial münasibətlərdən uzaqlaşma, ünsiyyətdən qaçma və ya əksinə aqressiv reaksiya vermə halları artır. Yuxu rejimi pozulur, ya yuxusuzluq, ya da həddindən artıq yatmaq müşahidə olunur. Bəzi hallarda stress özünü davranış vərdişlərində də göstərir, məsələn həddindən artıq yemək, işə aludəçilik və ya davamlı telefon və sosial şəbəkə istifadəsi kimi kompulsiv davranışlar formalaşa bilər".

 

Həmçinin Dilbər Bəhmənli qeyd edib ki, ən çox diqqətdən qaçan məqam stressin yalnız xarici faktorlarla deyil, daxili düşüncə tərzimizlə bağlı olmasıdır: 

 

"İnsanlar, adətən, problemi dəyişməyə çalışır, amma ona verdikləri mənanı dəyişməyə diqqət yetirmirlər. Məsələn, gündəlik qısa fasilələrlə nəfəsə fokuslanmaq, bədəni dinləmək və gərginliyin harada toplandığını hiss etmək çox sadə, amma təsirli üsuldur. Digər mühüm, lakin az tətbiq olunan üsul emosiyaları boğmaq əvəzinə onları adlandırmaq və qəbul etməkdir, çünki qəbul edilməyən emosiyalar bədəndə gərginlik yaradır. Həmçinin, sərhədlər qoymaq, insanların hər istəyinə bəzən yox deməyi də bacarmaq stressin azalmasında əsas faktorlardandır. İnsanlar çox vaxt fiziki aktivliyi yalnız idman kimi qəbul edir, halbuki təbiətdə sakit gəzinti, torpaqla və ya su ilə təmas da sinir sistemini tənzimləyən güclü vasitədir. Nəhayət, gündəlik həyatın içində kiçik vərdişlər yaratmaq, məsələn, eyni saatda çay içmək, yazmaq və ya səssiz qalmaq, stressin xronikləşməsinin qarşısını alan təsirli psixoloji mexanizmlərdir".

 

Xumar Emilqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər