00:00:00
Yazar
Nərmin Həşimova
20.10.2026 14:23 53 2 dəq oxuma
Siyasət

Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş ehtimalı aşağıdır

Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş ehtimalı aşağıdır

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirmək imkanını nəzərdən keçirməyə hazır olması beynəlxalq münasibətlərdə diqqətçəkən məsələlərdəndir. Belə bir görüşün baş tutması Ukrayna müharibəsi ilə yanaşı, qlobal təhlükəsizlik və nüvə silahlarına dair məsələlərin müzakirəsi baxımından da əhəmiyyət daşıya bilər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, üçtərəfli görüş ideyası ilk baxışdan cəlbedici görünsə də, onun reallaşma ehtimalı yüksək deyil:


“Buna həm ölkələrin fərqli maraqları, həm də beynəlxalq güc balansı təsir edir. Bu görüşün baş tutması bir çox amildən asılıdır. ABŞ-də əsas diqqətin daxili məsələlərə və aralıq seçkilərə yönəlməsi də prosesə təsir göstərə bilər. Digər tərəfdən, belə bir format dünyanın üç qlobal gücünün eyni masa arxasında bir araya gəlməsi mənasına gəlir. Bu isə nə ABŞ-nin, nə də Çinin maraqlarına tam uyğun görünür. Hazırda ABŞ dünyanın aparıcı gücüdür, Çin isə qlobal miqyasda mövqelərini gücləndirir. Rusiya da beynəlxalq sistemdə daha böyük rol oynamağa çalışır. Buna görə də belə bir görüşün keçirilməsi ehtimalı aşağıdır. Görüş baş tutarsa, müzakirələr yalnız Rusiya-Ukrayna müharibəsi ilə məhdudlaşmaya, qlobal təhlükəsizlik və nüvə silahlarına nəzarət məsələlərini də əhatə edə bilər. Üç ölkənin nüvə dövlətləri olduğunu nəzərə alsaq, belə bir görüşdə nüvə silahları ilə bağlı məsələlərin müzakirəsi xüsusi əhəmiyyət daşıya bilər. Xüsusilə ABŞ və Rusiya arasında nüvə silahlarına nəzarət və bu sahədə razılaşmaların əldə olunması qlobal təhlükəsizlik baxımından vacibdir. Çin də nüvə potensialını artırmaq istiqamətində addımlar atır. Əgər tərəflər nüvə silahlarının məhdudlaşdırılması ilə bağlı razılığa gələ bilsələr, bu, beynəlxalq təhlükəsizliyə müsbət təsir göstərə bilər. Belə bir görüş, şübhəsiz ki, ABŞ-nin həm Rusiya, həm də Çinlə münasibətlərinə də təsir edəcək. ABŞ və Çin liderləri arasında keçirilən görüşlər və əldə olunan razılaşmalar ikitərəfli münasibətlərin inkişafı baxımından əhəmiyyətlidir. Bununla belə, üçtərəfli görüşün baş tutması üçün tərəflərin rəsmi mövqeləri aydınlaşmalı və ortaq maraqlar müəyyənləşdirilməlidir”.


Güllüzar Nəbili

#putin # #ehtimalı #baki #azərbaycan #cinpin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər