Putin və Paşinyan arasında telefon danışığı baş tutub- Arxa planda nələr müzakirə olunub?
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
Kremlin mətbuat xidmətinin məlumatına görə, söhbət Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Mövzu ilə bağlı siyasi şərhçi Şakir Ağayev “İnformator.az”a açıqlamasında bildirib ki, Paşinyanın atdığı addımlar daha çox daxili siyasi məqsədlərə və seçkiöncəsi vəziyyətə hesablanıb:
“Ermənistanın təşəbbüsü ilə Vladimir Putinlə Nikol Paşinyan arasında baş tutan telefon danışığında rəsmi olaraq ikitərəfli münasibətlərin inkişafı müzakirə edilsə də, mətbuata açıqlanmayan bir çox məqamların da gündəmdə olduğu şübhəsizdir. Rusiya tərəfi Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasından, xüsusilə Aİ nümayəndələrinin ölkəyə gətirilməsindən və onların gələcək prezident seçkilərində müşahidəçi qismində iştirakı ilə təhlükəsizlik məsələlərinə cəlb olunmasından ciddi narahatlıq keçirir. Eyni zamanda, Ermənistanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə bağlı münasibətlərindəki mənfi tendensiya davam edir və böyük ehtimalla bu mövzu da danışıqlarda yer alıb. Ermənistan-Rusiya münasibətlərində yeni bir dönüş gözlənilmir, çünki Ermənistan rəhbərliyi bir tərəfdən Rusiyanı əlaqələrin qorunmasında maraqlı olduğuna inandırmağa çalışır, digər tərəfdən isə Paşinyan Aİ ilə münasibətləri genişləndirməyə davam edir. Paşinyan hətta Moldovadakı seçki prosesində olduğu kimi, Aİ-nin Ermənistandakı seçkilərə də dəstək verməsini açıq şəkildə istəyir. Dünyadakı qeyri-sabitlik və münaqişələrin Cənubi Qafqaza təsiri olsa da, bu danışıqların bölgədəki güc balansına ciddi təsir edəcəyi düşünülmür. Paşinyanın bu addımı daha çox daxili siyasətə və seçkiöncəsi vəziyyətə hesablanıb. O, ölkə daxilindəki mürəkkəb situasiyanı xeyrinə dəyişmək üçün Rusiyanı yenidən seçilməsinin münasibətlərə xələl gətirməyəcəyinə inandırmaq və Kremldən müəyyən təminatlar almaq məqsədi güdür”.
Lalə Qurbanlı