00:00:00
Yazar
Zəri Bayramlı
02.03.2026 20:38 80 2 dəq oxuma
Siyasət

Qərbin strateji dilemması dərinləşir

Qərbin strateji dilemması dərinləşir

Almaniya kansleri Fridrix Merz ABŞ və İsrailin İrana endirdiyi zərbələrin beynəlxalq hüquqa uyğunluğu baxımından Berlin üçün dilemma yaratdığını bildirib. Kansler bu barədə mətbuat konfransında bildirib.

 

Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Friedrich Merzin açıqlaması Almaniyanın prinsipial hüquqi çərçivə ilə geosiyasi reallıq arasında sıxışdığını göstərir:

 

“İran ətrafında yaranan hərbi gərginliyin uzunmüddətli həlli nəzəri olaraq diplomatik mexanizmlərlə mümkündür, lakin bunun üçün tərəflərin maksimalist şərtlərdən geri çəkilməsi və qarşılıqlı təhlükəsizlik təminatlarının yaradılması vacibdir. Son onilliklərdə sanksiya və təzyiq siyasətinin istənilən nəticəni verməməsi diplomatiyanın alternativsiz olduğunu göstərsə də, hazırkı eskalasiya mühiti etimad boşluğunu daha da dərinləşdirir”.

 

Müsahibimizin sözlərinə görə, siyasi dialoq təhlükəsizlik təminatları ilə müşayiət olunmasa, danışıqlar real nəticə vermək əvəzinə sadəcə vaxt qazanmağa xidmət edə bilər:

 

“Əgər siyasi dialoq paralel təhlükəsizlik mexanizmləri ilə müşayiət olunmasa, danışıqlar yalnız vaxt qazanmaq vasitəsinə çevrilə bilər. Bu baxımdan, davamlı həll yalnız regional güclərin və böyük dövlətlərin iştirakı ilə mərhələli razılaşma modeli əsasında mümkün görünür. Berlinin “hüquqi dilemma” ifadəsi isə hərbi əməliyyatların legitimliyi ilə strateji tərəfdaşlıq öhdəlikləri arasında balans axtarışına işarə edir”.

 

 

Politoloq, həmçinin Yaxın Şərqdə gərginlik artarsa, NATO-nun birbaşa münaqişəyə daxil olmaqdan daha çox çəkindirmə və müdafiə mövqeyini gücləndirə biləcəyini bildirib:

 

“Alyansın əsas prioriteti üzv ölkələrin təhlükəsizliyinin təmin olunmasıdır və mümkün eskalasiya halında hava və raketdən müdafiə sistemlərinin aktivləşdirilməsi, Şərqi Aralıq dənizi və Türkiyə istiqamətində hərbi mövcudluğun artırılması ehtimalı yüksələr. Almaniya isə bu kontekstdə həm transatlantik həmrəyliyi qorumağa, həm də beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirməyə çalışacaq. Merzin açıqlaması göstərir ki, Berlin Vaşinqton və Təl-Əvivlə strateji əlaqələri saxlamaqla yanaşı, hüquqi legitimlik məsələsini daxili və Avropa auditoriyası qarşısında əsaslandırmaq məcburiyyətindədir. Bu isə Almaniyanın siyasətində daha ehtiyatlı, çoxvektorlu və normativ əsaslandırmaya söykənən xəttin davam edəcəyini göstərir”.

 

Zəri Bayramlı

#xəbər #yeni #qərbin #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər