Qadınlar istər ailəsi, istər qohumları, istərsə də cəmiyyət tərəfindən “olmaz”lar divarı ilə əhatə olunub
BMT-nin gender əsaslı zorakığlığa qarşı 16 günlük fəallıq kompaniyası davam edir. Bu kampaniyaya Azərbaycan da qoşulub. Psixoloq-psixoterapevt Xanım Nifətliyeva sözügedən məslə ilə bağlı informator.az saytının suallarını cavablandırıb.
Azərbaycanda qadınların ailəsi və yaxınları tərəfindən zorakılığa məruz qalması halları hansı səviyyədədir? Azərbaycanda qadınlar özlərini qoruya bilirmi? Hüquqlarını bilirlərmi?
-Mən hesab edirəm ki, qadın zorakılığına qarşı mübarizəyə 16 gün yox, bütün günləri həsr olunmalıdır. O vaxta kimi ki, bütün dünyada qadına qarşı zorakılıq, cinsi şiddət, psixoloji zorakılıq sona çatsın. Bunun üzərində illərlə işləməli, qadının cəmiyyətdə söz haqqının tanıdılmasına çalışmalıyıq. Ailədə qadının zorakılığa məruz qaldığı danılmaz faktdır. Zorakılıq dedikdə fikrimizə ancaq cinsi təcavüz gəlir. Bu az rast gəlinməyən zorakılıq faktıdır. Yeniyetmə vaxtında qonşusu, sinif yoldaşı, qrup yoldaşı tərəfindən zorakılığa məruz qalan qadınlar var, hansı ki o yaşdakı “sevgi”nin qurbanı olub. Qadınlar istər ailəsi, istər qohumları, istərsə də cəmiyyət tərəfindən “olmaz”lar divarı ilə əhatə olunub. Bəzi dinin üstün olduğu bölgələrimizdə qadına kişinin köləsi, qulu kimi baxırlar. Amma unutmamalıyıq ki qadın Məhəmməd peyğəmbər (s) ümməti, onun kişilərə əmanətidir. Cənnət qadının ayaqları altındadır. Onlara şiddət, zorakılıq göstərən kişilər mənim fikrimcə, peyğəmbərin əmənaətini dəyərsiz edir. Hazırda işlədiyim pasiyentlər arasında zorakılığa məruz qalanlar çoxdur. Azərbaycanda qadınların öz hüquqlarını qoruması qeyri-mümkündür. Bizdə hələ kütlə psixologiyası formalaşmayıb, onlar qadın hüquqlarını tanımağa və tanıtmağa hazır deyil. Bu da az maariflənmədən irəli gəlir. Insanlar yalnış başa düşməsin, inciməsin bu sözlərdən. Mən demirəm ki, mentalitetimizi, dini dəyərlər və əxlaqımızı unudaq. Əgər qadına bu dəyərlər baxımından yanaşırıqsa, niyə ona hansısa sərhədləri qoymağı, söz azadlığını, sevgisini istismar edirik? Bir qadını hər zaman tənqid etmək, baxışlarınızla narahat etmək də zorakılığın növü deyilmi?
Bir qadını hər zaman tənqid etmək, baxışlarınızla narahat etmək də zorakılığın növü deyilmi?

Qadınlar başlarına gələnləri niyə cəmiyyətdən gizlədirlər? Bu ictimai qınaqdır, yoxsa başqa səbəbləri var?
Bu yaxınlarda müraciət edən bir qadın bir neçə ildir sevdiyi şəxs tərəfindən fiziki və psixoloji şiddətə məruz qalıb. Qadına aidiyyatı orqanlara nə üçün şikayət etmədiyini soruşduqda o, “ətraf nə deyər, insanlar haqqımda nə düşünər?” sualı ilə cavab verdi. Azərbaycanda qadınlar ailə, övlad, ətraf, cəmiyyət üçün yaşayır. Az sayda qadın var ki, özü üçün yaşayır. Sanki həyat yoldaşı, yaxud sevdiyi insan tərəfindən döyüldüyünü, şiddətə, cinsi zorakılığa məruz qaldığını desə cəmiyyət onu qınayar. Ən dəhşətlisi odur ki, qadını qınayanların çoxu elə qadınlar olur. Analar, nənələr deyir ki, biz də döyülmüşük, söyülmüşük, amma ətrafımız bilməyib. Qadın belə olduqda məruz qaldığı zorakılığı öz içində boğmağa çalışır. Nəticədə travma alır, dəyərsiz olduğu, sevilmədiyi ilə bağlı düşüncələrin yaranmasına səbəb olur. Bu da onların davranışına da təsir edir. Yaşanan travmalarda psixosematik xəstəliklər meydana gəlir. Qəlbimizə atdığımız dərdlərimiz mədə-bağırsaq pozuntusu, mədəaltı vəzdə şişin və s. xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Travmalı bir qadın gələcəkdə cəmiyyətə sağlam qız övladı, sağlam ana verə bilməz. Zorakılığa məruz qalan qadınlar ana olmaqla bağlı problemlər yaşayır. Bu da psixosematik xəstəliklərə daxildir.
Ən dəhşətlisi oldur ki, qadını qınayanların çoxu elə qadınlar olur

Psixoloqlara müraciət etməldirlərmi?
Əlbəttə. Həmin dönəmdə qadın bir mütəxəssis, psixoloqdan məsləhət alaraq, sağlam addım atsa, travmanın yaranmasının qarşısı alınar. Kütlə psixologiyası, cəmiyyət şiddət vaxtı qadının daxilindəki yaraları görmür. Şiddət dedikdə bunu sadəcə cinsi zorakılğa bağlamalayaq. Sözlə, baxışla, hərəkətlə də şiddət var. Sözlə olan, psixoloji şiddət qadını fiziki şiddət qədər yaralamır. Cinsi zorakılığa məruz qalan qadınlar isə ömür boyu xəstə ruhla yaşayır. 19 yaşlı bir pasiyentim anasının atası tərəfindən necə şiddətə məruz qaldığını, dəmir stulla döyülərək qan içində qaldığını danışdı. Ana ilə bərabər övladları da travma alır. Bu gün həmin pasiyentim ailə qurmaqdan qorxur, çünki anasının yaşadıqlarını yaşamaq istəmir. Sağlam ana, sağlam övlad böyüdür. Cəmiyyətdə öz ayaqları üzərində durmağı bacarır. Çünki bilir ki, arxasında həyat yoldaşı, güclü bir insan var.
19 yaşlı bir pasiyentim anasının atası tərəfindən necə şiddətə məruz qaldığını, dəmir stulla döyülərək qan içində qaldığını danışdı

Qadının aldığı travma övladına verdiyi tərbiyəyə də təsir edirmi?
Valideyn övladına gözəl tərbiyə, əxlaq verir. Mən bunu bir neçə dəfə qeyd etmişəm. Yenə də nəzərinizə çatdırım ki, biz övladımızı dünyaya gətirəndə onun geyimi, qidalanması kimi bir çox işlərini yerinə yetirir və məlumatlandırırıq. Amma təəssüflər olsun ki, onları psixoloji olaraq yetişdirmirik. Onlara öz hüquqlarını başa salmırıq. Qız övladlarımızıa ikinci dərəcəli baxırıq. Bəzi ailələrdə düşünürlər ki, qızlar xaricdə təhsil ala bilməz, cəmiyyətdə gülə bilməz, sərbəst ola bilməz. Övladımızın tərbiyə və təhsilini verib cəmiyyətə buraxırıqsa, o özü, sözü ilə özünü doğruldacaq. Psixoloji olaraq sağlam böyütmədikdə qurduğu ailədə, cəmiyyətdə, iş yerində ünsiyyət qurmaqla bağlı fobiyalar ortaya çıxır. Sözünü deyə bilməmək, hüququnu müdafiə edə bilməmək kimi fobiyalarla qarşılaşıb. Çünki ailədə elə görür. Ata evə gec gələ, həyat yoldaşına şiddət tətbiq edə, cinsi zorakılıq edə bilər. Bunun qarşısını almaq üçün maarifləndirmə işi aparılmalı, seminarlar təşkil edilməlidir. Psixoloji, cinsi, fiziki zorakılıq və şiddətə məruz qalanlar bunu gizlətməməli, bir mütəxsssisə müraciət edərək dəstək almalıdır. Ruhu sağlam olan insanın orqanizmi də sağlam, möhkəm olar. Onlar da doğru düzgün addım atmağı bacarar.
14, 15, 18 yaşlı qızların cinsi zorakılığa məruz qaldığının şahidi oluruq. Ailədə də fiziki şiddətdən qorxduğu, valideynə demədiyi üçün bu gizli qalır. Bu isə bir müddət sonra ağır travma şəklində üzə çıxır. Qadınları nə qədər çox maarifləndirsək, zorakılıqdan, şiddətdən o qədər çox özlərini qorumağı bacaracaqlar.
Anası, bacısı tərəfindən idarə edilən, onların sözü ilə ailədə problem yaradan bəylər var

Qadınlar öz həmcinsləri tərəfindən də şiddətə məruz qalırmı? Bu da çoxluq təşkil edirmi?
Bizim qadınlarımız maariflənsə, öz hüquqlarını qorumağı bacarsa, heç vaxt başqa bir qadın tərəfindən əzilib, incildilməyəcək. Başqa qadın dedikdə, ailədə, dostları arasında, iş yerində bir qadının əleyhinə çalışan başqa biri var. Bir çoxları irad tutsa da bu gerçəkdir. Anası, bacısı tərəfindən idarə edilən, onların sözü ilə ailədə problem yaradan bəylər var. Burada xəyanətin də rolu var. Başqa biri üçün övladlarının anasını, illərini ona həsr etmiş qadını şiddətə məruz qoyur. Xanımlar maariflənməli, hüququnu bilməli və qorumalıdır. Öz hüququnu bilməyən ana qız övladını da qoruya bilməyəcək və “sən də mənim kimi ol” mesajını verəcək.
Zorakılığa məruz qalan qadınlar ana olmaqla bağlı problemlər yaşayır

