"Qahirə danışıqları Yaxın Şərqdə sülhə doğru atılan addımdır" - AÇIQLAMA
Qəzza zolağında vəziyyətin sabitləşdirilməsi və əldə olunmuş razılaşmaların qorunması istiqamətində yeni addımlar atılır. ABŞ və İsrail arasında aparılan danışıqlar nəticəsində mümkün qarşıdurmaların qarşısını almaq və tərəflər arasında yaranan problemləri operativ şəkildə həll etmək məqsədilə yeni mexanizmin yaradılması barədə razılıq əldə olunub. Mexanizmdə Misirin də iştirakı nəzərdə tutulur.
Mövzu ilə bağlı siyasi şərhçi Bəhruz Quliyev "İnformator.az"a bildirib ki, Yaxın Şərqdə vəziyyətin ABŞ nümayəndəsi vasitəsilə Misirdə, Qahirədə müzakirə olunması yaxşı haldır:
"ABŞ Yaxın Şərqdə sülhə nail olmaq istəyilə bu addımları atır. Sözsüz ki, burada sülhə nail olmaq üçün Misirin vasitəçilik etməsi çox vacibdir. Misir bu bölgəni yaxşı tanıyır, bu bölgə dövlətləri ilə münasibətdədir və iqtisadi platformada böyük layihələr həyata keçirən dövlətdir".
Siyasi şərhçi vurğulayıb ki, Misirsiz burada sülhə nail olmaq mümkün deyil və Misir faktoru həmişə nəzərə alınmalıdır:
"Misir bölgədə olan məsələlərin məsul tərəfi kimi həmişə çıxış edir və bütün danışıqlarda ya moderator kimi iştirak edir, ya da vasitəçi missiyasını yerinə yetirir. Ona görə də, bu danışıq prosesinin hər birində Misir olmalıdır. Misir Yaxın Şərqdə bütün bu cür münaqişələrin həllində yaxından iştirak edən bir dövlətdir".
Quliyev qeyd edib ki, hərbi eskalasiyanın idarə olunması sülhə nail olmaq demək deyil:
"Bu gün ABŞ və İsrailin eskalasiyaya qarşı mexanizm qurması sülhə nail olmaq demək deyil. Sülhə nail olmaq Qəzzada idarəçilik üsulunu tapmaqdır, humanitar məsələlərin həyata keçirilməsində kimin hansı rolda çıxış etməsini müəyyənləşdirməkdir".
Siyasi şərhçi bildirib ki, HƏMAS və İsrail arasında müzakirələrdə əsas mövzu Qəzzanın idarəçilik məsələsində kimin güzəştə gedəcəyi və hansı rolda çıxış edəcəyidir:
"Kimin birinci silahsızlaşdırılacağı və ilk addımı kimin atacağı bu gün müzakirənin əsas mövzusudur. İsrail-Fələstin məsələsi böyük bir məsələdir və bu müzakirədə kimin birinci geri addım atacağı daim sülhün əsas mövzusu olaraq qalmaqdadır".
Quliyev fikrini yekunlaşdıraraq bildirib ki, bu danışıqlar artıq başlayıb:
"Qahirədə olan danışıqları sülhə doğru atılan addım kimi yüksək qiymətləndirmək olar".
Mehriban Yariyeva