00:00:00
Yazar
Güllər Gülhüseynova
28.08.2026 20:13 193 3 dəq oxuma
Siyasət

Qalibaf: Trampın iqtisadi mühasirə planı nəticəsiz qalacaq

Qalibaf: Trampın iqtisadi mühasirə planı nəticəsiz qalacaq

ABŞ İslamabad anlaşması üzrə öhdəliklərini yerinə yetirməlidir.

 

bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşü zamanı deyib. 

 

Qalibaf görüşdə ABŞ-nin İslamabad anlaşma memorandumunun icrası zamanı öz öhdəliklərini pozmasına toxunub. O bildirib ki, Tramp administrasiyası yanlış məlumatlar əsasında yanlış qərarlar qəbul edir.

 

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Qalibafın bu fikri, həm İranın daxili ictimaiyyətinə, həm də İranla eyni cəbhədən çıxış edən xarici tərəfdaşlarına yönəlmiş açıqlamadır:

 

“Reallıq budur ki, dünya iqtisadiyyatını ölkələr üzrə sıralasaq, bu siyahının başında, təbii ki, birinci sırada ABŞ dayanacaq. İran isə həmin siyahının bəlkə də heç ortalarında olmayacaq. Baxmayaraq ki, İran təbii sərvətləri, enerji resursları, digər metal və faydalı qazıntı yataqları ilə zəngin ölkədir. Ölkə hakimiyyətinin bu resurslardan düzgün istifadə edə bilməməsi, Qərblə, ABŞ-nin özü ilə və dünyanın bir çox sivil dövlətləri ilə normal münasibətlər quraraq mövcud potensialdan yararlana bilməməsi nəticəsində, əlbəttə ki, İranın dünya iqtisadiyyatındakı rolu demək olar ki, yox dərəcəsinə düşüb. Qalibafın burada haqlı ola biləcəyi və ya haqlı olduğunu deyə biləcəyimiz sadəcə bir aspekt var. O da bundan ibarətdir ki, İran böyük dövlət olduğu üçün özünü müəyyən zəruri məhsullarla daxildən təmin edə bilir. Nəticə etibarilə, bu qədər iqtisadi zərbə almasına, sanksiyalar altında bu dərəcədə sıxılmasına baxmayaraq, İranın dövlət olaraq son 40 il ərzində itirdiyi, bəlkə də trilyonlarla dollar təşkil edən gəlirlərə rəğmən, ölkə iqtisadiyyatı çöksə də, tamamilə məhv olmaq səviyyəsinə çatmır. Bu da, mənə elə gəlir ki, sırf İranın özünü daxildən təmin edə bilməsi reallığı ilə bağlıdır. Yoxsa İranın ABŞ-lə hansısa iqtisadi sahədə mübarizə aparmaq və ya ona güc gəlmək imkanları kifayət qədər məhduddur. Əgər söhbət sırf iqtisadi müharibədən və ABŞ-nin iqtisadi metodlarla İranı təslim etdirmək cəhdindən gedirsə, bunun da təbii ki, öz cavabları var. Bu, İranın diplomatik və iqtisadi uğurundan daha çox, ABŞ-nin bütün gücünü İrana yönəldə bilməməsi ilə bağlıdır”.

 

Tədqiqatçı həmçinin bunu da qeyd edib ki, ABŞ Çinlə mübarizəsini, Rusiya ilə qlobal maraqlar toqquşmasını bir kənara qoyub bütün diqqətini, gücünü və səylərini İrana yönəltsəydi, onda, Qalibafın bu cür sözləri deməyə macalı belə olmazdı:

 

“ABŞ bütün siyasətini və əlində olan imkanları yalnız bir ölkəyə-İrana yönəldə bilməz. Buna görə də onun İrana qarşı atdığı addımlar da müəyyən məsələlərlə məhdudlaşır. Nəticə etibarilə, İran həm öz imkanları, həm də tərəfdaşlarından aldığı dəstəklə bu tədbirlərə qarşı müəyyən müdafiə mexanizmləri qura bilir və rejim ayaqda qala bilir. Çinlə iqtisadi savaş, Rusiya ilə Şərqi Avropadakı qarşıdurma, Afrikaya dair xarici siyasətin yükü və Latın Amerikası ilə bağlı məsələlər fonunda-İranla bağlı atacağı addımlar da məhdud olduğu üçün təbii ki, İran tərəfi də hərəkət imkanları çərçivəsində sanksiyalara və digər iqtisadi təzyiqlərə tab gətirə bilir”.

 

Güllər Gülhüseynova

#xəbər #qalacaq #planı #azərbaycan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər