00:00:00
Yazar
Admin User
26.12.2025 17:07 83 3 dəq oxuma
Sosial

Qanunvericilik və cərimələr yol qəzalarının qarşısını almağa kifayət edirmi?

Qanunvericilik və cərimələr yol qəzalarının qarşısını almağa kifayət edirmi?

Yol qəzaları ciddi sosial və ictimai narahatlıq doğuran problemlərdəndir. Bu halların qarşısını almaq üçün qanunvericilik və cərimə siyasəti gücləndirilib.

 

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "İnformator.az"a açıqlama verib. O bildirib ki, yol təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da məsuliyyətidir:

 

"Qaydaların pozulmasının azalması üçün təkcə cərimələr yetərli deyil. Əlavə və daha effektiv modellər tətbiq olunmalıdır. Bu tədbirləri dörd əsas istiqamətdə toplamaq olar. Birinci maarifləndirmə üzrə aparılmalıdır. Yol hərəkəti qaydaları erkən yaşlardan, bağçadan və ibtidai siniflərdən etibarən uşaqlara öyrədilməlidir. Bu, məktəblərdə ayrıca fənn kimi tədris olunmalıdır. Qanunvericilikdə bu tələb öz əksini tapsa da, hələ də real tətbiq edilmir. Təəssüf ki, bu məsələ ciddi qəbul olunmur, halbuki vacibdir. Sürücülük vəsiqəsi almaq istəyən şəxslər üçün psixoloji və davranış testləri tətbiq olunmalıdır. Televiziya və sosial mediada real qəza hekayələri əsasında maarifləndirici kampaniyalar həyata keçirilməlidir. Texnoloji nəzarət gücləndirilməlidir, ağıllı işıqforlar, orta sürət ölçən sistemlər, piyadaya yol verməyən sürücülərin avtomatik tanınması və təhlükəli manevrlərin video təhlili ilə cərimələnməsi kimi tədbirlər geniş tətbiq edilməlidir. Davamlı nəzarət olmalıdır. Yol hərəkəti qaydalarına nəzarət bir dəfəlik yoxlama ilə bitməməlidir. Eyni pozuntuya görə dəfələrlə cərimələr tətbiq edilməli, zəruri hallarda sürücülük hüququndan müvəqqəti məhrumetmə tədbiri görülməlidir. Sosial məsuliyyət mütləqdir. Qəza törədən sürücülər ictimai işlərə cəlb oluna bilər. Reabilitasiya proqramları və qəza qurbanları ilə görüşlər təşkil olunaraq, məsuliyyət hissi gücləndirilə bilər".

 

Müsahib qeyd edir ki, yol qəzalarının əsas səbəbləri sürücü və piyadaların məsuliyyətsizliyidir:

 

" Qayda pozuntuları bilərəkdən edilir. Bu məsuliyyətsizlik isə zəif nəzarət və yüngül cəzalar fonunda cəzasızlıq hissini gücləndirir. Qanun və cərimə mövcud olsa da, bir çoxları düşüncəli hərəkət etmir. Deməli, problem qanunların mövcudluğunda deyil, onların qaçılmaz icrasında gizlənir". 

 

Eyni zamanda bildirib ki, piyada təhlükəsizliyi, qanun var, amma real vəziyyət fərqlidir:

 

"Kağız üzərində piyada təhlükəsizliyi ilə bağlı qanunlar mövcuddur və kifayət qədər yaxşı tənzimləmələr nəzərdə tutulub. Lakin real həyatda, küçədə müşahidə etdikdə görürük ki, bu qanunların icrasında ciddi problemlər var. Bəzi hallarda piyada keçidlərində çox vaxt sürücülər qaydalara əməl etmir, piyadalara yol vermirlər. Bu isə ciddi təhlükə yaradır. Piyadaların qayda pozuntusu ən çox rast gəlinən haldır. Təəssüf ki, bəzi hallarda piyadalar da qaydalara əməl etmir. Onlar keçid olmayan yerdən, çarpaz və ya qaçaraq yolu keçirlər. Hətta piyada keçidi olan yerdə belə düzgün şəkildə yolu keçmirlər. Bir çox piyada keçidləri zəif işıqlandırılıb. Qaranlıqda piyadanın görünməsi çətinləşir, bu da qəza riskini artırır".

 

Müsahib çıxış yolu olaraq bildirib ki, piyada keçidlərində fiziki məhdudlaşdırıcı elementlər quraşdırıla bilər ki, sürücülər məcburi şəkildə sürəti azaltsın:

 

"Əlavə xəbərdaredici yol nişanları, xüsusilə piyada keçidlərini və sürət həddi ilə bağlı məlumat verən nişanlar quraşdırılmalıdır. Yaşıl işıq müddəti artırılmalıdır. Məsələn, Yusif Səfərov küçəsində piyadalar üçün yaşıl işıq o qədər qısadır ki, yolu keçmək üçün qaçmaq məcburiyyətində qalırlar. Bu isə təhlükəlidir. Piyadalarla sürücülər arasında tez-tez konfliktlər yaranır, bu da marifləndirici tədbirlərin həm sürücülər, həm də piyadalar üçün vacibliyini göstərir. Piyadalar üçün də inzibati tədbirlər tətbiq edilməlidir. Çünki yol təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da məsuliyyətidir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər