Qarabağ heç vaxt Ermənistanın olmayıb-DEPUTAT
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Paşinyan seçkiqabağı kampaniyasına artıq start verib və bu prosesdə Ermənistan seçiciləri qarşısında açıq şəkildə bəyan edir ki, Qarabağ Ermənistanın deyildi:
" Bu həqiqət bir qədər gec də olsa etiraf edilir, amma bu, dəyişməz həqiqətdir. Çünki Qarabağ heç vaxt Ermənistanın olmayıb. Düşünürəm ki, hazırda Ermənistan ictimai mühiti bu fikri eşitməyə artıq hazırdır və Paşinyan da bunu hiss etdiyi üçün belə açıqlamalar verə bilir. Ancaq məsələnin başqa tərəfi də ondadır ki, əgər Azərbaycan hazırda yaşadığımız bu reallığı yaratmasaydı, heç şübhəsiz, Paşinyandan bu sözləri eşitməyəcəkdik və o da erməni ictimaiyyəti qarşısında bunları deməyə cəsarət etməyəcəkdi".
Deputatın sözlərinə görə, burada yenə Azərbaycanın gücünə, mövqeyinə və qətiyyətinə diqqət yetirməli və bunu təqdir etməliyik:
"Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan bu gün artıq bildirir ki, Qarabağ heç vaxt onların olmayıb. Ona görə də düşünürəm ki, bu reallıq özlüyündə həm ədalətin, həm də həqiqətin təntənəsidir. Əgər bu fikir Ermənistan cəmiyyətinin kollektiv şüurunda qəbul edilirsə, o zaman konstitusiyadakı ərazi iddiaları ilə bağlı müddəalar da çıxarılmalıdır və yalnız bundan sonra regionda davamlı sülhdən danışmaq mümkün olar. Hesab edirəm ki, bu cür mövqe ümumilikdə sülhü yaxınlaşdırır və Ermənistanda konstitusiya islahatları prosesinə də təkan verir".
Selcan Xudiyeva