00:00:00
Yazar
Admin User
18.12.2023 16:40 635 3 dəq oxuma
Siyasət

Qarabağda hər hansı separatçı rejimin qurulmasına zəmin yoxdur

Qarabağda hər hansı separatçı rejimin qurulmasına zəmin yoxdur

Rusiya Prezidenti Vladimir Putin hər dəfə kinayəli şəkildə “Ermənistan Qarabağı Azərbaycan ərazisi tanıdıqdan sonra Rusiya çarəsiz qaldı” deyir. Türkiyə Cümhurbaşqanı son çıxışında bu mövzuya toxunub: “Biz gücləndikcə bizə ümid bağlayan dostlarımızın da güvəni artır. Qarabağın işğaldan azad edilməsi bizə inamı artırdı. Keçmişlə müqayisədə çox fərqli və müsbət atmosfer var. Qarabağın işğaldan azad edilməsi bu ab-havanı daha da gücləndirdi”.

 

Qarabağın azad edilməsinin türk dövlətləri arasında inteqrasiyaya təsiri barəsində, politoloq Elşad Həsənov informator.az saytına açıqlama edib.

 

O qeyd edib ki, Qarabağın həmişə münaqişə ocağı olaraq qalmasından ən çox Rusiya faydalanmışdır.

 

"Putin artıq dəfələrlə bildirmişdi, sonuncu dəfə dekabrın 14-də Qarabağa qarşı belə fikirlər söylədi. Təbii ki, bu zərərli fikirlərdir, qızışdırıcı fikirlərdir, ən əsası isə münaqişənin yenidən alovlanmasına yönəldilmiş fikirlərdir. Ancaq artıq məsələ bitib, Qarabağ məsələsinin bitməsi, Ermənistan rəhbərliyinin məsələnin mahiyyətini tam başa düşməsi və beynəlxalq güclərin təsiri, xüsusilə də regionda Türkiyə faktorunun güclənməsi ilə o başa düşdü ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu BMT-nin sənədlərində öz əksini tapıb".

 

Politoloq bildirib ki, bütün dünya dövlətləri Qarabağı Azərbaycan ərazisi kimi tanıyır.

 

"Paşinyan məcbur oldu, buna görə də, dedi ki, Qarabağ Azərbaycandır. Bu məsələlər artıq bitib. Rusiyanın bundan sonra nə etməsindən asılı olmayaraq, Qarabağdakı separatçı rejim özünü buraxdı, orada olan qeyri-qanuni silahlı birləşmələr məğlub oldu, silah-sursatları əllərindən alındı və özləri də rədd olub getdilər. Ona görə də, Rusiyanın onlarla münasibəti pis olan Paşinyan hakimiyyətini yıxmaq üçün müəyyən tədbirləri olacaq, bunu biz bilirik, ancaq bugünkü reallıq odur ki, separatçı rejim də, qeyri-qanuni silahlı birləşmələr də çıxarıldı".

 

Elşad Həsənov deyir ki, Azərbaycan ərazisində rusların da dəstək göstərdiyi o rejim artıq qurtardı.

 

"Artıq buralarda hansısa münaqişə yarada bilməzlər. Təbii ki, Türkiyənin cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanla qardaşlıq münasibətini davam etdirir və Azərbaycanı daim dəstəkləyir. Buna görə də, Cənubi Qafqazda Türkiyənin mövqeyinin güclənməsi, Türkiyənin dünyada böyük gücə çevrilməsi, türk birliyinin yaranması, Rusiyaya da təsir edir və Azərbaycana qarşı təzyiqlərini azaldır".

 

Müsahib qeyd edir ki, Cənubi Qafqazda Türkiyə söz sahibidir və Türkiyə Azərbaycanın strateji müttəfiqidir. 

 

"Eyni zamanda son dövrlərdə türk dövlətlərinin birliyi güclənir və bu da dünya siyasi arenasında yeni bir gücə çevrilir. Rusiyanın Azərbaycana təzyiqi təbii ki zəifləyəcək və biz regionun ən güclü dövləti kimi daha da inkişaf edəcəyik".

 

Politoloqun sözlərinə görə, bundan sonra Qarabağda hər hansı bir separatçı rejimin qurulmasına zəmin yoxdur, buna görə də, Rusiyanın Ermənistana təzyiqlərini artırması gözlənilir.

 

"Ermənistanda Rusiyayönümlü siyasətçinin hakimiyyətə gəlməsi üçün çalışacaqlar. Bu da, Qərblə yəni Amerika ilə Rusiyanın apardığı siyasi, bəlkə də hərbi münaqişəyə çevrildi. Bunlar yaxın gələcəkdə bilinəcək. Amma Azərbaycana qarşı artıq məsələ bitib, Azərbaycan özü öz ərazi bütövlüyünü təmin edib və öz ərazilərində bərpa-quruculuq işləri ilə məşğul olur".

 

Gülay Qəribova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər