Qaradağlı qətliamından 23 il ötür
Bu gün Ermənistan silahlı birləşmələrinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal etməyindən 23 il ötür.
Ermənistanın hərbi birləşmələri Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayın hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq, azərbaycanlıların yaşadıqları Qaradağlı kəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, altı nəfər itkin düşüb, doqquz nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülənlər Xankəndinin iki kilometrliyində güllələnib. Onlardan bəzilərinin başları kəsilib.
