“Qarsdakı forum Ermənistan-Türkiyə münasibətlərində ciddi addımdır”-ŞƏRH
Yayda Qarsda çox uğurlu biznes-forum keçirilib və bu forumda Ermənistan tərəfi geniş tərkibdə təmsil olunub.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan və Türkiyə arasında iqtisadi əlaqələrin qurulması iki ölkə arasında diplomatik normallaşma prosesinə birbaşa, müsbət təsir göstərən mühüm regional amildir:
“Qarsda keçirilən biznes-forum və növbəti tədbirin İrəvanda planlaşdırılması tərəflər arasında etimadın qurulması baxımından ciddi addım hesab olunur. İqtisadi diplomatiya və biznes forumları siyasi gərginliyi azaltmaq üçün ən effektiv “yumşaq güc” alətlərindən biridir. Çünki bu, yeni etimad mühiti yaradır. Biznes dairələrinin bir araya gəlməsi siyasi müstəvidəki kəskin ritorikanı yumşaldır və tərəflər arasında qarşılıqlı inamı artırır. Eyni zamanda, siyasi dialoq üçün münbit zəmin yaradır. İqtisadi maraqlar çox vaxt siyasətçiləri daha çevik və praqmatik qərarlar qəbul etməyə sövq edir. Bu baxımdan bu cür əlaqələrin siyasi mövzuların həllində müsbət təsiri olacaqdır”.
Politoloq qeyd edib ki, bu növ tədbirlər rəsmilərin qeyri-rəsmi müstəvidə də təmaslar qurmasına şərait yaradır:
“İqtisadiyyat sahəsindəki uğurlar hər iki ölkənin daxili auditoriyasına münasibətlərin yaxşılaşmasının real faydalarını, iş yerləri, ticarət gəlirlərini nümayiş etdirməyə kömək edir. Türkiyənin təklifi və Ermənistanın razılığı ilə növbəti forumun İrəvanda planlaşdırılması həm regional, həm də beynəlxalq birliyə bir neçə mühüm mesaj ötürür. Prosesin birtərəfli deyil, hər iki dövlətin bərabərhüquqlu istəyi və iradəsi ilə idarə olunduğunu göstərir. Bu addım Ermənistanın Türkiyə ilə münasibətləri bərpa etməkdə və öz iqtisadiyyatını regional layihələrə inteqrasiya etməkdə maraqlı olduğunun rəsmi nümayişidir. Türkiyənin bu təklifi verməsi onun Cənubi Qafqazda sabitlik və dayanıqlı sülhün tərəfdarı olduğu mesajını gücləndirir. İqtisadi əlaqələrin genişlənməsi diplomatik normallaşmanın əsas katalizatoru rolunu oynaya bilər. Biznes əlaqələrinin artması logistika və nəqliyyat infrastrukturunun yenilənməsi tələbini yaradır. Bu isə Ermənistan-Türkiyə quru sərhədinin tam açılması prosesini mütləq şəkildə sürətləndirəcək. Beynəlxalq münasibətlərdə iqtisadi və texniki sahələrdəki əməkdaşlığın zamanla daha mürəkkəb siyasi və diplomatik problemlərin həllinə yol açması qəbul edilmiş faktdır. Ticarət dövriyyəsi artdıqca, diplomatik əlaqələrin rəsmiləşdirilməsi və səfirliklərin açılması zərurəti daha qaçılmaz olacaq. Lakin unutmamaq lazımdır ki, Ermənistan-Türkiyə normallaşma prosesi həm də Ermənistan-Azərbaycan sülh prosesi və regional kommunikasiyaların açılması ilə sıx bağlıdır. İqtisadi addımlar siyasi iradə ilə dəstəkləndiyi təqdirdə tam diplomatik uğura gətirib çıxaracaq”.
Nuray Əliyeva