00:00:00
Yazar
Admin User
22.12.2025 18:52 75 2 dəq oxuma
Sosial

Qavrama limiti

Qavrama limiti

Texnologiyanın inkişafı ilə insanlar bir vaxtda bir neçə reallığı qavramağa başlayacaqlar. Virtual reallıqlar, artırılmış reallıq, metaverse və digər texnologiyalar bizə eyni anda müxtəlif dünyalarda yaşamağa imkan verəcək.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, texnologiyanın sürətli inkişafı ilə insan beyni və psixikası yeni bir mərhələyə daxil olur:

 

"Virtual reallıq, artırılmış reallıq və metaverse kimi anlayışlar insanın eyni anda bir neçə informasiya və “reallıq qatında” fəaliyyət göstərməsini mümkün edir. Lakin bu imkanlar insanın psixoloji tutumunu, yəni qavrama limitini də ciddi şəkildə sınağa çəkir. Qavrama limiti aşılmağa başladıqda ilk növbədə yaddaş və diqqət mexanizmlərində dəyişikliklər müşahidə olunur. İnsan beyni paralel informasiyanı emal etmək qabiliyyətinə malik olsa da, bu qabiliyyət məhduddur. Davamlı olaraq bir neçə reallıq arasında keçid edən insanlarda diqqətin səthiləşməsi, informasiyanın dərin emal olunmaması, qısamüddətli yaddaşın həddindən artıq yüklənməsi baş verə bilər. Nəticədə insan çox məlumat bilir, amma onu sistemli şəkildə xatırlamaq və tətbiq etməkdə çətinlik çəkir. Bu hal “koqnitiv yorğunluq” adlandırılan psixoloji vəziyyətə gətirib çıxara bilər. Təhsil və iş mühiti bu yeni reallıqlara uyğunlaşmaq məcburiyyətindədir. Artıq əsas məsələ daha çox məlumat vermək deyil, məlumatı düzgün strukturlaşdırmaq və insan beyninə uyğun təqdim etməkdir. Təhsildə modul yanaşma, interaktiv və mərhələli öyrənmə modelləri, iş mühitində isə fokuslanmış iş rejimi, fasiləli rəqəmsal istifadə və psixoloji gigiyena anlayışı ön plana çıxmalıdır. Əks halda paralel reallıqlar insanın məhsuldarlığını artırmaq əvəzinə, onu psixoloji olaraq tükəndirə bilər. Paralel reallıqların birləşdirilməsi insan psixikasına həm müsbət, həm də mənfi təsir göstərə bilər. Düzgün balans qurulduqda bu texnologiyalar yaradıcılığı artırır, öyrənməni sürətləndirir və insanın adaptasiya imkanlarını genişləndirir. Lakin nəzarətsiz və uzunmüddətli istifadə hallarında stress, daxili qarışıqlıq, reallıq hissinin zəifləməsi və emosional gərginlik yarana bilər. Burada əsas məsələ texnologiyanın insanı idarə etməsi deyil, insanın texnologiyanı şüurlu şəkildə idarə etməsidir. Ona görə də gələcəyin əsas problemi texnologiyanın çoxluğu deyil, insan psixikasının bu çoxluğa necə hazırlandığıdır. Qavrama limitini qorumaq üçün psixoloji maarifləndirmə, rəqəmsal balans və mental sağlamlığa yönəlik yanaşmalar mütləq şəkildə inkişaf etdirilməlidir. Əks halda paralel reallıqlar imkan olmaqdan çıxıb psixoloji risk faktoruna çevrilib dura bilər".

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər