“Qayda pozuntularının səbəbi nəzarətçilərin prosesə qeyri-ciddi yanaşmasıdır”
Ötən il Dövlət İmtahan Mərkəzinin zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərdən çıxarılıb. Onlardan 286 nəfəri birbaşa imtahan prosesinə bağlıdır. İşi dayandırılanların 6 nəfəri imtahana telefon gətirdiyi, 346 nəfər imtahanda iştirakdan imtina etdiyi, 159 nəfər köçürməyə şərait yaratdığı, 14 nəfər cavab və sual vərəqlərini səhv verdiyi, 10 nəfər isə cavab kartı və ya yazı işini imtahan zalından çıxardığı üçün işdən azad edilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, zal nəzarətçilərinin qayda pozuntularına yol verməsinin əsas səbəbi onların prosesə qeyri-ciddi yanaşması və davranış qaydalarını pozmasıdır:
“Dövlət İmtahan Mərkəzi hər il zal nəzarətçiləri, imtahan rəhbərləri və bina rəhbərləri üçün görüşlər keçirir və onlara təlimatlar verir. İmtahandan öncə bütün tələblər onlara çatdırılır, amma təəssüf ki, pozuntular yenə baş verir. Bunun qarşısını almaq üçün imtahan binalarında auditoriyalar yaradılmalı, zal nəzarətçilərinə rəhbərlik edilməli və onlara ümumi nəzarət təmin edilməlidir. Bəzi rayonlarda müəllimlər və imtahan nəzarətçiləri arasında tanışlıq və ünsiyyət olur. Bu da etik pozuntulara gətirib çıxarır və hazırlıqlı, məsuliyyətli iştirakçılar üçün bərabərsizlik yaradır. Qayda pozuntularına yol verən müəllimlər arasında ən çox ibtidai sinif, fizika, kimya, tarix, ingilis dili və texnologiya müəllimləri yer alır. Bu, müəllimlərin peşə hazırlığı ilə deyil, onların vicdanlılığı və situasiyaya yanaşması ilə bağlıdır. DİM həmin şəxslərlə işləyir, onlara təlimatlar verir və regional bölmələr vasitəsilə daha ciddi nəzarət tətbiq edir. Qayda pozuntusuna yol verənlərin məlumatı Təhsil Nazirliyinə də çatdırılır və onların əmək fəaliyyətinin davam etdirilib-edilməməsi müzakirə olunur”.
Fatimə Hüseynli
