Qaz təsərrüfatında təhlükəsizlik tədbirləri
Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış binalarından birində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Müraciətdən sonra xilasedicilər dərhal hadisə yerinə cəlb olunub.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələləri hər zaman ön planda olmalıdır:
“Ümumiyyətlə, qaz təsərrüfatı olan yerlərdə təhlükəsizlik məsələləri hər zaman ön planda olmalıdır. Əgər məişətdə qaz cihazlarından istifadə edilirsə, mütləq şəkildə onların təhlükəsizlik baxımından yoxlanılması və düzgün şəkildə quraşdırılması təmin edilməlidir.
Qaz cihazlarının təhlükəsiz istismarı dedikdə qaz cihazlarına kənar müdaxilələrin edilməməsi, az cihazı yerləşən otaqlarda təbii və ya süni havalandırmanın mövcudluğu, nəfəsliklərin və tüstü bacalarının normal işlək vəziyyətdə olması, dəm qazı və qaz sızması əleyhinə dedektorların quraşdırılması lazımdır.
Dəm qazı dedektorları təhlükə anında səs siqnalı verərək istifadəçini xəbərdar edir və vaxtında tədbir görməyə imkan yaradır. Qaz sızması dedektorları isə sızma aşkarlanan anda avtomatik olaraq qazın verilməsini dayandırır və daha böyük təhlükənin qarşısını alır.
Tüstü bacaları ildə ən azı iki dəfə təmizlənməlidir. Bacalarda normativ standartlara uyğunluq təmin edilməli, hər hansı bir dəlik, çat və ya nasazlıq olmamalı, sorma qabiliyyəti tam şəkildə işlək vəziyyətdə saxlanmalıdır.
Dəm qazı əsasən hamam otaqlarında yaranır. Təhlükəsizlik baxımından hamam otaqlarında qaz cihazlarının istifadəsi məqsədəuyğun sayılmır. Lakin əgər belə cihazlar quraşdırılıbsa, mütləq şəkildə həmin məkanlarda havalandırma sistemləri, nəfəsliklər, işlək tüstü bacası və dəm qazı əleyhinə dedektorlar olmalıdır.
Qaz maddəsinin fiziki-kimyəvi xüsusiyyətləri düzgün istifadə edilmədikdə təhlükəli halların yaranmasına səbəb ola bilər. Buna görə də qaz təsərrüfatında təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunmalı və bu məsələ daim diqqət mərkəzində saxlanılmalıdır”.
Aydan Əsgərxanlı
