Qazanılan qələbə diplomatik addımlarla tamamlanmalıdır- Pezeşkian
“ABŞ və İsrail üzərində qazanılan "qələbə" xalqın maraqlarını qoruyan diplomatik addımlarla tamamlanmalıdır”.
Bunu İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehranda bir qrup təhlükəsizlik rəsmisi ilə görüşündə deyib. Pezeşkian İranın düşməninə etibar etmədiyini, lakin milli maraqların və milli şərəfin qorunmasına əsaslanan danışıqlara açıq olduğunu bildirib.
O eyni zamanda əlavə edib ki, İran xalqının xeyrinə olan razılaşmaya əməl edəcəklər.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, İran ABŞ və İsrail qarşısında təslim olmayaraq müqavimət göstərə bildiyini nümayiş etdirir:
“Təbii ki, indiki hərbi situasiya daha çox İranın maraqlarına cavab verir. Çünki İran ABŞ və İsrailə müqavimət göstərməyi bacarıb, yəni təslim olmaq təhlükəsindən yayına bilib. Eyni zamanda, savaşı davam etdirmə potensialına malik olduğunu da göstərir. Bu baxımdan, hərbi vəziyyət müəyyən mənada İran üçün sərfəlidir. Ancaq bunun siyasi-diplomatik müstəvidə də təsdiqlənməsi və yaxud möhkəmlənməsi üçün bir sıra şərtlərin ödənilməsi vacibdir. İlk növbədə, Hörmüz boğazının ABŞ-nin nəzarətindən çıxarılaraq İranın nəzarətinə keçməsi İran üçün siyasi-diplomatik qələbə olardı.
Digər tərəfdən, rəsmi Tehran ümid edir ki, ABŞ ilə razılaşma sayəsində İrana qarşı indiyə qədər mövcud olan iqtisadi embarqolar aradan qalxacaq və bu da İranın iqtisadi inkişafı üçün yeni imkanlar yarada bilər. Ümumi götürdükdə, bu tipli şərtlərin razılaşmada yer alacağı təqdirdə, bu, İran üçün tamamilə sərfəli, hətta siyasi-diplomatik uğur kimi qəbul olunacaq bir anlaşma olardı. Ancaq bunun reallaşıb-reallaşmayacağı hazırda olduqca ciddi sual altındadır. Çünki hələlik bu məsələlər müzakirə mərhələsindədir. Həmin müzakirə mərhələsindən hansı nəticələrin çıxıb-çıxmayacağı isə qeyri-müəyyən olaraq qalmaqdadır. Anlaşılan əsas məqam ondan ibarətdir ki, İran öz mövqeyindən geri çəkilmək istəmir, ABŞ isə İrana qarşı indiyə qədər irəli sürdüyü bütün tələblərin və şərtlərin qəbul olunmasında israrlı mövqe tutur. Bu da o deməkdir ki, danışıqlar hələ uzun müddət davam edə bilər, hətta ortaq mövqe əldə olunmasa, bu danışıqlar hərbi əməliyyatların bərpası ilə də nəticələnə bilər”.

Lalə Qurbanlı