“Qazaxıstan hər zaman balanslı siyasətə üstünlük verib” - ŞƏRH
İrəvanda Ermənistan Xarici İşlər nazirinin müavini Mnatsakan Safaryan və Yermuxambet Konuspayev arasında görüş keçirilib. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mövzu ilə bağlı AĞ Partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə siyasi şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, türk dünyasının digər ölkələri Azərbaycan və Türkiyənin Ermənistanla arada olan problemləri aradan qaldırmaq üçün ciddi səylər göstərdiyinin fərqindədirlər:
“Bu səbəbdən hesab edirəm ki, onların Ermənistanla quracaqları münasibətlərin Azərbaycan və Türkiyə ilə münasibətlərə kölgə salacağını düşünmürlər və rahat şəkildə addımlar atırlar. Qazaxıstan hər zaman Azərbaycan-Ermənistan münaqişəsi dövründə Azərbaycanın yanında olub. İkinci Qarabağ savaşında da bunu açıq şəkildə ortaya qoyub. Hesab edirəm ki, Ermənistan-Qazaxıstan münasibətləri nə qədər dərinləşsə də, Qazaxıstan hər zaman Azərbaycan və Türkiyənin milli maraqlarını nəzərə alacaq. Bu çərçivədə Ermənistanla münasibətlər quracaq. Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları qalarsa və Azərbaycanla sülh sazişi imzalanmazsa, Qazaxıstan Ermənistan qarşısında tam ‘yaşıl işıq’ yandırmayacaq”.
Şərhçi əlavə edib ki, Qazaxıstan ənənəvi olaraq balanslı xarici siyasət yürüdür:
“Bu səbəbdən Ermənistanla münasibətlərin qurulması Rusiyayla münasibətlərə ciddi təsir etməyəcək. Artıq Rusiya əvvəlki kimi Ermənistanın xarici siyasətinə açıq müdaxilə etmir. Ukrayna faktoru da burada rol oynayır. Rusiya təbii sərvətlərlə zəngin MDB ölkəsi olan Qazaxıstanla münasibətlərin soyumasına isti yanaşmaz. Ona görə də hesab edirəm ki, Qazaxıstanın bu addımlarına sərt reaksiya verməyəcək”.

Aytac İbrahimova