Qəhrəman Kapitan
Azərbaycan torpağının hər qarışı minlərlə qəhrəmanın qanı ilə sulanıb. Onlardan biri də həyatını Vətəninə həsr edən, adını xalqın yaddaşına qızıl hərflərlə yazan kapitan İsmayıl Səmədovdur.
1990-cı ilin 9 avqust səhərində Zaqatalanın füsunkar Lahıc kəndində dünyaya göz açan İsmayıl elə uşaqlıqdan mərdliyi, ədalət hissi və vətən sevgisi ilə fərqlənib. O, daim “kişinin sözünün ağırlığı Vətənin yükü kimidir” deyib-və bu sözlərin mənasını öz həyatı ilə sübut edib.
İsmayıl gənc yaşlarında seçdiyi yolun çətinliyini anlayıb. O, sadəcə bir zabit olmaq istəmiyib, o, torpağın keşikçisi olmağı qarşısına məqsəd qoyub. Bu amal onu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə gətirib. Hərbi intizam, sədaqət və fədakarlıq onun həyatının ayrılmaz hissəsinə çevrilib. Məzun olduqdan sonra isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qatılıb. məhz orada o, əsl döyüşçü kimi yetişib. Kapitan İsmayıl Səmədov illərlə hərbi təcrübəsini artırıb, 2016-cı ilin Aprel döyüşlərində öz peşəkarlığı ilə fərqlənib. Hər dəfə ön cəbhəyə göndəriləndə ailəsinə “narahat olmayın, Vətən çağırır” deyib. Onun üçün torpaq sadəcə vətən deyil, müqəddəs bir and idi.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi onun həyatının son, amma ən şərəfli səhifəsini yazıb. Cəbrayıl, Hadrut və Füzuli istiqamətlərində gedən qanlı döyüşlərdə İsmayıl ön sıralarda idi. Komandiri dediyi kimi, “İsmayıl təkcə əsgərlərinə deyil, ölümə belə əmr verən bir zabit idi.”
11 oktyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşdə İsmayıl Səmədov son nəfəsinə qədər döyüşüb. Yaralı halda belə geri çəkilməyib. O, son gülləsini atıb şəhidlik zirvəsinə ucalıb. O gün Vətən bir oğlunu itirib, amma tarix bir qəhrəman qazanıb.
Onun qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib. Bu, yalnız bir medal deyildi, bu, bir millətin minnətdarlığının simvolu idi.
İsmayıl Səmədovun həyatı bir qəhrəmanlıq dastanı, ölümü isə bir millətin dirəniş rəmzidir. O, sübut edib ki, igidlik ölmür-sadəcə torpağa qarışıb və Vətən adlanıb.
Banuçiçək Məmmədova
