QİÇS-lə bağlı maarifləndirmə və profilaktik tədbirlər
Hazırda 11 qeyri-hökumət təşkilatı narkotik istifadəçiləri arasında QİÇS-in profilaktikası istiqamətində fəal fəaliyyət göstərir. Onlar istifadəçiləri müxtəlif ərazilərdə taparaq maarifləndirici təlimlər keçirir, zəruri steril avadanlıq təqdim edir və səyyar mobil məntəqələrdə tibbi müayinələr təşkil edirlər. Şübhəli hallar aşkar edilən şəxslər Respublika QİÇS Mərkəzinə yönləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi bildirib ki, hazırda 6 qeyri-hökumət təşkilatı narkotik istifadəçiləri arasında QİÇS-in profilaktikası sahəsində fəal fəaliyyət göstərir:
“Bu təşkilatlar narkotik istifadəçiləri ilə müxtəlif məkanlarda görüşlər keçirərək maarifləndirici tədbirlər həyata keçirir, zəruri steril materiallarla təmin edir və səyyar mobil məntəqələr vasitəsilə tibbi müayinələr təşkil edirlər. Müayinələr zamanı şübhəli hallar aşkar edilən şəxslər Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinə (RQMM) yönləndirilir.
Azərbaycanda İİV-infeksiyasının əsasən risk qrupları arasında daha geniş yayılmasına baxmayaraq, gənclərin sosial mühitə və müstəqil həyata daha erkən inteqrasiya olunması, həmçinin cinsi aktivliyin artması onları potensial olaraq İİV-ə yoluxma riski ilə üz-üzə qoyur. Bu baxımdan, gənclər arasında İİV/QİÇS-in profilaktikası məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) əməkdaşları tərəfindən kompleks və davamlı əks-epidemik tədbirlər həyata keçirilir.
Gənc nəslin maarifləndirilməsi və sağlam davranış vərdişlərinin formalaşdırılması istiqamətində sosial şəbəkələr üzərindən maarifləndirici fəaliyyətlər mütəmadi və sistemli şəkildə aparılır. RQMM tərəfindən hazırlanmış və müntəzəm olaraq yenilənən maarifləndirici materiallar, o cümlədən videoçarxlar müxtəlif sosial media platformaları vasitəsilə geniş auditoriyaya təqdim edilir və əhəmiyyətli sayda istifadəçini əhatə edir. Bu yanaşma gənclər arasında məlumatlılığın artırılmasına, eləcə də İİV-in ötürülmə yolları və qorunma üsulları barədə düzgün biliklərin formalaşdırılmasına xidmət edir.
Bununla yanaşı, RQMM əməkdaşları tərəfindən ölkənin müxtəlif şəhər və regionlarında yerləşən təhsil müəssisələrində əyani maarifləndirici təlimlər və tədbirlər təşkil olunur. Aparılan fəaliyyətlər çərçivəsində ümumilikdə 10 000-dək şagird və tələbəni əhatə edən təxminən 200 təlim həyata keçirilib. Təlimlər zamanı iştirakçılara maarifləndirici buklet və broşürlər, eləcə də qeyd dəftərləri və qələmlər paylanılaraq məlumatın daha effektiv mənimsənilməsinə və uzunmüddətli təsirinin artırılmasına şərait yaradılıb. Habelə, Bakı Metropolitenində, Azərbaycan Dövlət Dəmir Yollarının vağzallarında və ekspres qatarlarında maarifləndirici materialların yayımı həyata keçirilir. Görülən bu kompleks tədbirlər gənclər arasında İİV/QİÇS barədə bilik səviyyəsinin artırılmasına, riskli davranışların azaldılmasına və ümumilikdə infeksiyanın yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. İİV-infeksiyasının ölkədə əsasən, heteroseksual yol hesabına yayılmasına baxmayaraq, infeksiyanın yoluxmaya yüksək riskli qrupa aid olan, inyeksion narkotik istifadəçiləri (İNİ) arasında yayılması da müşahidə olunmaqdadır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi inyeksion narkotik istifadəçiləri arasında İİV-infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Respublika Narkoloji Mərkəzi ilə qarşılıqlı razılaşma əsasında işgüzar əməkdaşlıq əlaqələri qurmuş və bu çərçivədə mütəmadi görüşlər keçirir.
Səhiyyə Nazirliyinin 26.05.1997-ci il tarixli, 02/15-1101 saylı “Venadaxili narkomanların İİV-ə görə mütləq müayinəsi barədə” metodiki göstərişinə uyğun olaraq, İİV-infeksiyasının inyeksion narkotik istifadəçiləri arasında yayılmasının profilaktikası məqsədilə Respublika Narkoloji Mərkəzinin qeydiyyatında olan şəxslərdən götürülən qan nümunələri Respublika QİÇS-lə Mübarizə Mərkəzinə və onun regional İİV-diaqnostika laboratoriyalarına mütəmadi olaraq göndərilir və müayinə edilir.
Aşkarlanmış inyeksion narkotik istifadəçilərinin İİV-infeksiyasına müayinəsi, eləcə də tibbi göstərişlərə əsasən İİV-lə yaşayan şəxslərin narkoloji müayinələri ilə bağlı məlumat mübadiləsi aparılır, əldə olunan nəticələr müntəzəm şəkildə müzakirə olunur. Eyni zamanda, gənclərin və risk qruplarına aid şəxslərin müayinələrə cəlb edilməsi və maarifləndirilməsi istiqamətində birgə tədbirlər həyata keçirilir.
Eyni zamanda, İİV-infeksiyasının profilaktikası məqsədilə inyeksion narkotik maddə istifadəçiləri üçün əvəzedici terapiya da daxil olmaqla, narkotik maddə asılılığının müalicəsi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu çərçivədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) qeydiyyatında olan bütün inyeksion narkotik istifadəçilərinin narkotik asılılığından azad olunmalarına dəstək məqsədilə kompleks yanaşma tətbiq edilir, mütəmadi maarifləndirmə işi aparılır, xəstələrin opioid əvəzedici terapiyaya (OƏT) cəlb edilməsi istiqamətində səylər göstərilir. Eyni zamanda, narkoloq və psixoloqlar tərəfindən müntəzəm tibbi və psixoloji müşahidə təmin olunmaqla aktiv müalicə-profilaktik fəaliyyət həyata keçirilir.
Beləliklə, reallaşdırılan bu çoxşaxəli və inteqrasiya olunmuş tədbirlər inyeksion narkotik istifadəçiləri arasında İİV-infeksiyasının profilaktikasında, sağlam davranış modellərinin təşviqində və ümumilikdə ictimai sağlamlığın qorunmasında mühüm rol oynayır. Görülən məqsədyönlü və səmərəli tədbirlərin nəticəsi olaraq, son 10 il ərzində inyeksion narkotik istifadəçiləri arasında İİV-infeksiyasının yayılma göstəricisi faiz nisbətində təxminən 5 dəfə azalıb.Həyata keçirilən profilaktik və maarifləndirici tədbirlər həm gənclər, həm də bütövlükdə cəmiyyət üçün uzunmüddətli və dayanıqlı faydalar yaradır. Bu tədbirlər yalnız İİV/QİÇS-ə yoluxma hallarının qarşısının alınması ilə məhdudlaşmır, eyni zamanda ictimai sağlamlığın möhkəmləndirilməsinə, sosial rifahın yüksəldilməsinə və səhiyyə sisteminin dayanıqlığının təmin olunmasına xidmət edir.
Gənclər arasında aparılan sistemli maarifləndirmə və erkən müayinə tədbirləri İİV barədə məlumatlılıq səviyyəsinin artırılmasına, təhlükəsiz davranış modellərinin formalaşdırılmasına, eləcə də riskli cinsi və inyeksion davranışların azalmasına səbəb olur. Vaxtında aparılan diaqnostika və antiretrovirus müalicənin tətbiqi İİV-lə yaşayan şəxslərin həyat keyfiyyətinin yüksəldilməsinə, virusun ötürülmə riskinin əhəmiyyətli dərəcədə azalmasına və cəmiyyətdə infeksiyanın yayılma zəncirinin qırılmasına mühüm töhfə verir.
Eyni zamanda, risk qrupları arasında həyata keçirilən zərərin azaldılması proqramları təhlükəli inyeksiya praktikalarının minimuma endirilməsinə, bununla da həm İİV-in, həm də digər qan vasitəsilə ötürülən infeksiyaların yayılmasının qarşısının alınmasına xidmət edir. Bu kompleks yanaşma ölkədə QİÇS-lə mübarizənin effektivliyinin artırılmasında və ictimai sağlamlığın qorunmasında əsas strateji mexanizmlərdən biri hesab olunur.
Ölkə üzrə İİV-infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə strateji baxımdan kompleks və inteqrasiya olunmuş yanaşma tətbiq edilir və bu çərçivədə qeyri-hökumət təşkilatlarının (QHT-lərin) İİV/QİÇS-lə mübarizədə rolu daha da gücləndirilmişdir. Eyni zamanda, yüksək risk qrupları üçün təmasdan öncə profilaktika (PrEP) və təmasdan sonra profilaktika (PEP) xidmətlərinin əlçatanlığı artırılmış, bu müdaxilələr barədə əhalinin, xüsusilə gənclərin məlumatlandırılması genişləndirilib.
Bununla yanaşı, zərərin azaldılması proqramlarının, o cümlədən təhlükəsiz inyeksiya vasitələri ilə təminatın, opioid əvəzedici terapiyanın və psixososial dəstək xidmətlərinin davamlı və genişmiqyaslı şəkildə həyata keçirilməsi, könüllü məsləhət və test xidmətlərinə çıxışın asanlaşdırılması, eləcə də antiretrovirus müalicənin fasiləsizliyinin təmin olunması prioritet istiqamətlər sırasında yer alır. Qeyd olunan tədbirlər ölkədə İİV-infeksiyasının yayılmasının qarşısının alınmasına və uzunmüddətli dövrdə ictimai sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına mühüm töhfə verir”.
Aişə Mustafayeva
