00:00:00
Yazar
Admin User
06.02.2026 18:09 41 3 dəq oxuma
Sosial

Qida obyektlərində dezinfeksiya sahibkarın öhdəliyidir

Qida obyektlərində dezinfeksiya sahibkarın öhdəliyidir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində gigiyena və dezinfeksiya tədbirlərinə ciddi riayət olunmasını tələb edir. Qida zəncirinin bütün mərhələlərində - istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma və ictimai iaşə sahələrində - risk əsaslı yanaşmaya uyğun dezinfeksiya proqramları hazırlanmalı, tədbirlər və istifadə olunan vasitələr sənədləşdirilməlidir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, qida obyektlərində dezinfeksiya hər gün eyni qaydada və hamıya eyni yanaşma ilə deyil, riskə görə qurulanda daha effektiv olur. AQTA-nın gözləntisi də məhz budur:

 

“İstehsal, emal, saxlanma, daşınma və ictimai iaşənin hər mərhələsində dezinfeksiya tədbirləri planlı, əsaslandırılmış və sənədləşdirilmiş olmalıdır. Burada ən vacib məsələ odur ki, dezinfeksiya proqramı kağız üzərində yox, real proses üçün yazılsın. Risk əsaslı proqram hazırlananda ilk prioritet qida ilə birbaşa təmas edən səthlər olur - iş masaları, bıçaq və doğrama lövhələri, avadanlığın daxili səthləri, qablaşdırma ilə təmas edən hissələr. İkinci prioritet çirklənmənin yayıla biləcəyi kontakt nöqtələrdir: qapı tutacaqları, kranlar, düymələr, tərəzinin paneli, soyuducu tutacaqları, əl yuma zonası. Üçüncü xətt isə döşəmə, drenaj və tullantı sahələri kimi qida ilə birbaşa təmas etməyən, amma risk yaradan zonalardır. Yəni proqram obyektin içində risk xəritəsi çıxarmaqla başlayır".

 

Asim Vəliyev bildirib ki, dezinfeksiya tezliyi obyektin fəaliyyətinə uyğun müəyyənləşdirilməlidir. Eyni sahədə işləyən iki obyekt üçün tezlik fərqli ola bilər, çünki riskə təsir edən amillər - məhsul növü, prosesin mürəkkəbliyi, xammal-hazır məhsul axını, iş növbələri və insan təması - fərqlidir. Məsələn, çiy ət, quş əti, balıq, kremli məhsullar və hazır yeməklər kimi yüksək riskli məhsullarda qida ilə təmas edən səthlərin təmizlənməsi daha sıx planlanmalıdır.

 

“Bəzi hallarda növbə ərzində hadisə əsaslı dezinfeksiya tələb olunur: çiy məhsuldan hazır məhsula keçid, avadanlığın sökülüb yığılması, tökülmə, çirklənmə və ya temperatur rejiminin pozulması kimi hallarda qrafikdən əlavə tədbir görülməlidir. Praktikada ən işlək yanaşma zonalara görə tezlik yazmaqdır. Qida ilə təmas edən səthlər üçün tezlik daha yüksək, qida ilə təmas etməyən, amma tez-tez toxunulan səthlər üçün ayrıca, döşəmə və drenaj üçün isə ayrıca rejim müəyyənləşdirilir. Bu yanaşma nəzarəti asanlaşdırır və dezinfeksiyanı hər yerə eyni kimyəvi vasitə kimi tətbiq etməkdən qoruyur. Üstəlik, təkcə tezlik yox, vasitənin seçimi də riskə uyğun olmalıdır: səthin materialı, istifadə olunan maddənin dozası, təsir müddəti, lazım gəlsə yaxalama mərhələsi və kimyəvi vasitələrin qida zonasında saxlanmaması proqramda aydın göstərilməlidir.  Eyni məhsulu istehsal edən iki müəssisəni düşünək: biri gündə onlarla kilo, digəri tonlarla məhsul istehsal edir. Güc artdıqca avadanlıq daha çox işləyir, səthlər daha tez yüklənir, nəm və qalıq daha çox toplanır, insan və alət təması artır. Bu da həm tezliyi, həm də dezinfeksiya metodunu dəyişir. Əl əməyinin çox olduğu yerlərdə personal gigiyenası, əl alətləri və ara dezinfeksiya daha kritikdir. Avtomatlaşdırılmış xətlərdə isə standart prosedurlar ön plana çıxır. Xammal və hazır məhsul axınının kəsişdiyi proseslərdə isə zonalaşdırma və çarpaz çirklənmənin qarşısının alınması planın əsas sütunudur".

 

Ekspert vurğulayıb ki, dezinfeksiya nə qədər çox olsa da, bu prinsiplə idarə olunmur:

 

"Yanlış seçilmiş vasitə, səhv konsentrasiya, kifayət etməyən təsir müddəti və ya düzgün yaxalanmama həm qida təhlükəsizliyi, həm də avadanlıq üçün problem yarada bilər. Ona görə dezinfeksiya planı sahibkar üçün sadəcə öhdəlik deyil, prosesi stabil saxlayan idarəetmə alətidir. Riskləri tanıyırsan, tədbiri seçirsən, tətbiqi sənədləşdirirsən və nəticəyə baxıb tezliyi optimallaşdırırsan. Bu yanaşma həm audit, həm də real təhlükəsizlik üçün ən sağlam xəttdir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər