00:00:00
Yazar
Güllər Gülhüseynova
09.07.2026 15:07 70 3 dəq oxuma
Siyasət

Qill: Avropa Komissiyası ABŞ ilə ticarətdə bütün Aİ ölkələrinin maraqlarını qoruyacaq

Qill: Avropa Komissiyası ABŞ ilə ticarətdə bütün Aİ ölkələrinin maraqlarını qoruyacaq

Brüssel Avropa İttifaqı (Aİ) və ABŞ arasında ticarət münasibətlərini dərin inteqrasiyaya əsaslanan və qarşılıqlı faydalı əməkdaşlıq kimi qiymətləndirir, Vaşinqtonun isə daha əvvəl üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyinə ümid edir.

 

Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Qill Brüsseldəki brifinqdə ABŞ Prezidenti Donald Trampın Ankarada İspaniya ilə ticarəti dayandırmaq niyyəti barədə bəyanatını şərh edərkən bildirib.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ ilə Avropa İttifaqı arasında tarif siyasəti ətrafında yaranan fikir ayrılıqları qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyır:

 

“ABŞ və Aİ dünyanın ən böyük iki iqtisadi məkanıdır və tərəflər arasında ticarət dövriyyəsi hər il yüz milyardlarla dollar təşkil edir. Odur ki, münasibətlərdə yaranan hər hansı gərginlik yalnız tərəflərə deyil, qlobal təchizat zəncirlərinə, investisiya axınlarına və beynəlxalq maliyyə bazarlarına da təsir göstərir. Bu baxımdan, Avropa Komissiyasının ABŞ ilə aparılan danışıqlarda bütün Aİ üzv dövlətlərinin maraqlarını qoruyacağını bəyan etməsi Brüsselin vahid iqtisadi mövqeyini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər. ABŞ-nin mümkün tarif siyasətinin ilk təsiri Avropa ixracatçılarının rəqabət qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Əgər ABŞ Avropa mənşəli avtomobillərə, polad və alüminium məhsullarına, əczaçılıq mallarına və digər sənaye məhsullarına bundan sonra da əlavə rüsumlar tətbiq edərsə, bu, Avropa şirkətlərinin Amerika bazarındakı mövqeyinin zəifləməsinə, ixrac həcmlərinin azalmasına və istehsal xərclərinin artmasına səbəb olacaq. İxracyönümlü iqtisadiyyata malik Almaniya, İtaliya, Fransa və Niderland kimi ölkələr belə qərarlardan daha çox təsirlənə bilərlər. Tariflərin tətbiqi ixrac göstəriciləri ilə yanaşı, investisiya mühitinə də təsir edə bilər. Şirkətlər artan qeyri-müəyyənlik fonunda yeni investisiya qərarlarını təxirə sala, istehsal zəncirlərini yenidən qurmağa məcbur qala bilərlər. Bunun nəticəsində sənaye istehsalında ləngimə, məşğulluğun azalması və iqtisadi artım tempinin zəifləməsi ehtimalı artır”.

 

Politoloq həmçinin bunu da qeyd edib ki, digər tərəfdən, ABŞ bazarında qiymətlərin yüksəlməsi amerikalı istehlakçılar və idxaldan asılı müəssisələr üçün də əlavə maliyyə yükü yarada bilər:

 

“Tarif siyasətinin mənfi nəticələri yalnız Avropa ilə məhdudlaşmır. Əgər ABŞ və Avropa İttifaqı arasında kompromis əldə olunmasa və qarşılıqlı tarif tədbirləri genişlənərsə, bu, qlobal iqtisadiyyatda yeni ticarət qarşıdurmasının dərinləşməsinə səbəb ola bilər. Belə bir ssenaridə beynəlxalq ticarət dövriyyəsinin azalması, logistika xərclərinin artması, inflyasiya təzyiqlərinin güclənməsi və qlobal iqtisadi artımın zəifləməsi riski yüksəlir. Xüsusilə açıq iqtisadiyyata malik ölkələr və beynəlxalq ticarətdən yüksək dərəcədə asılı olan regionlar bu prosesdən dolayı şəkildə təsirlənə bilərlər. Bundan əlavə, ABŞ-Aİ münasibətlərində uzunmüddətli gərginlik qlobal geoiqtisadi balansın dəyişməsinə də səbəb ola bilər. Avropa İttifaqı alternativ bazarlara, Asiya və Yaxın Şərq ölkələri ilə iqtisadi əməkdaşlığın genişləndirilməsinə daha çox diqqət yetirə bilər. ABŞ isə strateji istehsalın ölkə daxilində yerləşdirilməsi və iqtisadi proteksionizm siyasətini gücləndirmək xəttini davam etdirə bilər. Bu isə qlobal iqtisadi inteqrasiyanın zəifləməsi və dünya ticarət sistemində yeni bloklaşma meyillərinin güclənməsi riskini artırır. Odur ki, ABŞ ilə Avropa İttifaqı arasında kompromisin əldə olunması təkcə tərəflərin deyil, bütövlükdə dünya iqtisadiyyatının maraqlarına cavab verir. Əks halda, iqtisadi qarşıdurmanın dərinləşməsi dünya iqtisadiyyatında qeyri-müəyyənliyi artıracaq və bunun təsirləri Avropa ilə ABŞ-dən kənarda yerləşən ölkələr, o cümlədən qlobal təchizat zəncirlərinə inteqrasiya olunmuş iqtisadiyyat üçün də hiss olunacaq”.

 

Güllər Gülhüseynova

#ABŞ #Aİ #Avropa #Brüssel #Ankara #Tramp #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər