Qış tətili-dincələn şagird, daha keyfiyyətli təhsil
Məktəblərdə qış tətili şagirdlərin istirahəti və yeni dərs yarımilinə daha hazırlıqlı başlaması üçün nəzərdə tutulub. Bu müddət ərzində uşaqlar dərs yükündən uzaqlaşıb ailələri ilə vaxt keçirir, dincəlir və enerji toplayırlar.
Mövzu ilə bağlı Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Qaraxnovanın fikirlərini aldıq, qış tətili şagirdlərin həm fiziki, həm də psixoloji baxımdan dincəlməsi üçün çox vacibdir:
"Uzun dərs müddətindən sonra bu fasilə uşaqlara dərs yükündən uzaqlaşmaq, ailələri ilə daha çox vaxt keçirmək və öz maraqlarına zaman ayırmaq imkanı yaradır. Tətil dövründə şagirdlər enerji toplayır, stressdən azad olur və yeni dərs yarımilinə daha motivasiyalı, daha hazırlıqlı şəkildə qayıdırlar. Bu da tədrisin keyfiyyətinə müsbət təsir göstərir".
Valdeyin Aygün Həsənovanın fikirincə qış tətilində uşaqlar evdə olur, bir az rahatlayırlar:
"Səhər tezdən durub dərsə getmirlər, yorğunluqları çıxır. Mən də ana kimi çalışıram ki, onlarla daha çox vaxt keçirim, birlikdə söhbət edək, oyun oynayaq. Dincələn uşaq məktəbə daha həvəslə gedir".
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu "İnformator.az" açıqlamasında bildirib ki, Azərbaycanda olan tətil müddəti dünya ölkələri ilə uyğun gəlir:
"İnkişaf etmiş ölkələrin hər biri bu modeldən istifadə edir. Burada hər hansısa problem yoxdu. Amma ümumi danışırıqsa, yəni uzatmağa ehtiyac varmı? Burada müəyyən qədər ola bilər. Tətilin qısa olması şagirdlərin tam istirahət etməsinə imkan verməyə bilər. Bu da ikinci yarımda yorğunluq və motivasiya azalmasına səbəb ola bilər. Amma həddindən artıq uzun tətildə dərsdən uzaqlaşmağa səbəb olur. Ona görə də tətil müddəti şagirdlərin yaşına dərs yükünə uyğun olmalıdır. Onların psixoloji vəziyyətinə uyğun, optimal şəkildə müəyyənləşdirilməlidir. Qış tətili təhsil sistemində sadəcə fasilə deyil, həm də şagirdlərin fiziki və psixoloji sağlamlığını qorumaqdır. Həmçinin stressi azaltmaq, təhsilə marağı yenidən artırmaqdır. Bu müddətdə uşaqlar ailə mühitində olur, sosial bacarıqlarını inkişaf etdirir və öz maraqları naminə vaxt ayırırlar. Nəticədə şagirdlər yeni yarımda daha motivasiyalı və diqqətli başlayırlar. Qış tətili düzgün planlaşdırıldıqda təhsilin keyfiyyətinə olduqca müsbət təsir edir".
Ayşən Səlimova
