Qiymət fərqləri və tük iddiaları - “İlyasın Kafesi”dən rəsmi açıqlama
Dünən redaksiyamıza “İlyasın Kafesi” adlı iaşə obyektinin fəaliyyəti ilə bağlı bir sıra narahatedici müraciətlər daxil olub. Şikayətlərdə iddia olunur ki, restoranda menyuda göstərilən qiymətlərlə müştərilərə təqdim edilən yekun hesab arasında uyğunsuzluq mövcuddur və bu hal istehlakçıların aldadılması ilə nəticələnir. Məsələ bununla da bitmir.
Sosial şəbəkələrdə yayılan videolarda sözügedən kafedə təqdim edilən xəngəlin içindən tük çıxması iddiası yer alır ki, bu görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub və ictimai maraq doğurub.
Mövzuya aydınlıq gətirmək məqsədilə restoranın rəsmi əlaqə nömrəsi kimi təqdim olunan telefon vasitəsilə qarşı tərəflə əlaqə saxladıq. Zəngimizə cavab verən və kafenin məsul şəxslərindən biri olduğunu bildirən Leyla Əsədova yayılan iddiaları təkzib edib.
Onun sözlərinə görə, sosial mediada dolaşan məlumatlar reallığı əks etdirmir və səsləndirilən ittihamlar əsassızdır:
"Bizim restoranımızda yeməklərin ölçüsü və həcmi müxtəlifdir. Qiymətlər də bu ölçü və həcmə görə müəyyən olunur. Təəssüf ki, bəzi müştərilər bunu nəzərə almır və sifariş verərkən qiymətin dəyişə biləcəyini anlamırlar. Bəzən isə hesabın gözləniləndən yüksək olması səbəbindən müştərilər etiraz edib hesabı vermədən gedirlər. Bu hallar nadir olsa da, baş verir və biz müştəriləri düzgün məlumatlandırmaq üçün daim çalışırıq. Bizim əsas məqsədimiz müştərilərə keyfiyyətli xidmət göstərməkdir və qiymət siyasətimiz şəffafdır. Hər kəs istədiyi yeməyi ölçüsünə uyğun seçə bilir və menyuda məlumatlar açıq şəkildə təqdim olunur. Hətta bütün hesablar kompüterdə sübut kimi də qalır. Siz menyudakı qiymətlərlə həmin hesabı eyniləşdirdikdə qiymətlərin doğru olduğunu da görəcəksiniz".
Müsahibimiz işçilərin sanitariya qaydalarına əməl etmələri barəsindəki suallarımızı da cavabsız qoymadı:
"Bizim restoranımızda gigiyena və sanitariya qaydalarına ciddi riayət olunur. Hər bir işçimiz müvafiq təlimlərdən keçir və yeməklərin hazırlanması zamanı bütün təhlükəsizlik standartlarına əməl edilir. Mətbəximizdə və yemək hazırlanan sahələrdə müntəzəm dezinfeksiya aparılır, istifadə olunan avadanlıq və qab-qacaq daim təmiz saxlanılır".
Mövzu ilə bağlı hüquqşünas Raul Məmmədov isə belə hallarda hüquqi məsuliyyət barədə məlumat verib:
"Müştərilərin aldadılması və menyuda göstərilən qiymətlərlə yekun hesabın uyğun gəlməməsi halları Azərbaycan Respublikasının İstehlakçıların hüquqlarının qorunması haqqında qanun ilə tənzimlənir. Belə pozuntular aşkarlandıqda, obyekt sahibi maliyyə cəriməsi ilə üzləşə, fəaliyyət lisenziyası müvəqqəti dayandırıla və ya tamamilə ləğv edilə bilər".
Müsahibimiz sanitariya qaydalarına əməl olunmadığda görülə biləcək tədbirlərdən də bəhs edib:
"Əgər qida məhsullarında sanitariya normalarına zidd hallar, məsələn, yeməkdən tük çıxması kimi hallar varsa, bu həm də gigiyena və sanitar qaydaların pozuntusu kimi qiymətləndirilir və müvafiq dövlət orqanları tərəfindən yoxlanış aparılır. Hüquq pozuntusu təsdiqlənərsə, müştərilərə pulun qaytarılması və əlavə kompensasiya verilməsi tələb olunur. Bundan əlavə, ağır və qəsdən istehlakçını aldadıcı məlumatla zərər vermə halları Cinayət Məcəlləsi üzrə də məsuliyyət doğurur. Sosial mediada yayılan videolar və şəkillər ilkin dəlil kimi istifadə edilə bilər, lakin onların həqiqiliyi rəsmi yoxlamada təsdiqlənməlidir. Qısaca desək, qanun istehlakçını qoruyur və belə hallarda həm maddi, həm inzibati, həm də cinayət məsuliyyəti tətbiq oluna bilər".
Mayıl Soltan
