Qlobal güc balansı dəyişir: Antalya Forumunun diqqətçəkən mesajları
Antalya Diplomatiya Forumunda səsləndirilən mesajlar beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlandığını göstərir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada güc balansının dəyişməsi ilə bağlı fikirləri qlobal siyasətdə yeni düzənin formalaşdığına dair diqqət çəkən mesajlardan biri olub.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, zənnimcə, Antalya Diplomatiya Forumu kimi platformalarda səsləndirilən mesajları dünya nizamındakı mövcud sistemin transformasiya mərhələsi kimi qəbul etmək daha real yanaşma olar:
“Çünki beynəlxalq münasibətlər sistemi adətən sürətli deyil, yavaş və çoxqatlı dəyişir və iqtisadi güc, hərbi potensial, enerji resursları, texnoloji üstünlük və diplomatik şəbəkələr paralel şəkildə yenidən bölüşdürülür. Bu baxımdan Antalya Diplomatiya Forumunda səsləndirilən fikirlər həqiqətən də dünyada güc balansının dəyişdiyini göstərən simptomlardır, amma bu dəyişiklik artıq başa çatmış yox, davam edən bir prossedir. Cənab Ərdoğan kimi liderlərin “çoxqütblü dünya” və “ədalətsiz qlobal sistem” vurğusu onu göstərir ki, mövcud beynəlxalq sistemdə Qərb mərkəzli strukturların dominantlığı tədricən daha mürəkkəb və çoxqütblü modelə doğru gedir. Bu, xüsusilə, BMT kimi qlobal institutların qərarvermə effektivliyi ilə bağlı uzunmüddətli debatlarla da üst-üstə düşür.
Lakin burada vacib nüans odur ki, yeni güc balansı hələ tam formalaşmayıb. Daha çox keçid dövrü müşahidə olunur deyə bilərik. ABŞ və onun müttəfiqləri hələ də sistemin əsas dayaqlarıdır, amma eyni zamanda Türkiyə, Çin, Hindistan, Körfəz ölkələri və digərlərinin də təsiri artmaqdadır”.
Həmçinin ekspert qeyd edir ki, regional güclərin ön plana çıxması beynəlxalq münasibətlər sistemini daha çoxmərkəzli edir:
“Bu o deməkdir ki, qərarlar artıq tək bir mərkəzdən deyil, müxtəlif regional qütblərdən formalaşır. Bunun müsbət tərəfi odur ki, bəzi regionlarda lokal problemlər daha çevik həll oluna bilər. Mənfi tərəfi isə odur ki, qlobal konsensus əldə etmək daha çətinləşir, çünki maraqlar daha çox parçalanır. Məsələn, enerji təhlükəsizliyi, miqrasiya, ticarət və təhlükəsizlik məsələlərində artıq vahid qaydalar sistemi yox, daha çox bloklararası koordinasiya modeli formalaşmış olur. Bu isə bəzən rəqabəti artırır, bəzən isə əməkdaşlıq üçün yeni platformalar yaradır. Forumda verilən mesajların qlobal siyasi proseslərdə hansı dəyişikliklərə səbəb olacağına gəldikdə isə deyim ki, Antalya kimi forumlarda verilən mesajlar daha çox diplomatik narrativlərin dəyişməsinə təsir edir. Yəni dövlətlər öz mövqelərini daha açıq şəkildə ifadə edir, alternativ əməkdaşlıq formatları daha çox gündəmə gəlir. Amma qısa müddətdə radikal dəyişikliklər gözlənilmir. Gözləntilər daha çox beynəlxalq sistem daxilində yeni güc mərkəzlərinin söz sahibi olması, qərarvermə prosesinin daha çox danışıqlara əsaslanması və təkqütblü idarəetmə modelindən tədricən uzaqlaşma ilə bağlı olan gözləntilərdir.
Yəni başqa sözlə ifadə etsək, Antalya Diplomatiya Forumu kimi platformalar yeni dünya nizamını elan etmir, amma onun konturlarının necə formalaşdığını göstərir. Yəni biz artıq sabit bir sistemin içində deyil, dəyişməkdə olan bir beynəlxalq arxitekturanın keçid mərhələsində yaşayırıq”.
Ədilə Hüseynzadə