Qonaqpərvərliyin Sönən İşığı
Azərbaycan xalqı əsrlər boyu qonaqpərvərliyi ilə tanınıb və bu xüsusiyyət milli dəyərlərimizin əsas sütunlarından biri olub. Lakin müasir həyat tərzi, maddi çətinliklər və insanların bir-birindən uzaqlaşması nəticəsində bu gözəl ənənə getdikcə zəifləyir. Bir zamanlar qapılar ürəklə açıldığı halda, bu gün qonaq anlayışı çoxları üçün yükə çevrilməkdədir. Qonaqpərvərliyimizin demək olar ki, yoxa çıxması düşündürücü bir sosial problemə çevrilib.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, yeni dövrün trendinə çevrilən yanaşmalara görə insanlar qonaqpərvərliyi getdikcə lazımsız hesab etməyə başlayırlar:
“Bu hal qloballaşma prosesinin təsiri ilə milli-mənəvi dəyərlərimizin arxa plana keçməsi və “müasirlik” adı altında yad dəyərlərin mənimsənilməsi ilə bağlıdır. Burada sosial və maddi problemlərin rolunun olduğunu söyləmək düzgün olmaz. Xalqımız tarix boyu ən ağır, ən çətin dövrlərdə belə qonaqpərvərliyini yüksək səviyyədə qoruyub saxlayıb. Evində son tikəsi ilə qonaq qarşılayan, küçədən keçəni belə zorla evinə dəvət edən bir millətik. Bu gün də dünyanın bir çox yoxsul ölkələrində qonaqpərvərlik yüksək səviyyədədir, əksinə, maddi baxımdan zəngin ölkələrdə bu dəyər zəifdir. Bu fakt göstərir ki, qonaqpərvərliyin zəifləməsi maddi amillərlə deyil, mənəvi deqradasiya və həyat tərzinin dəyişməsi ilə bağlıdır. Müasirlik adı altında qəbul edilən yeni yaşam forması bəzi dəyərlərin unudulmasına səbəb olur. Halbuki qonaqpərvərlik ən ali mənəvi keyfiyyətlərdən biridir. Bu, insanın başqasına qarşı mənəvi öhdəliyi, eqoist olmaması və qarşılıqlı hörmətinin göstəricisidir. Tamamilə bu dəyəri itməyib. Bu gün də Azərbaycan xalqı qonaqpərvərliyini qoruyub saxlayır. Sadəcə müəyyən təsirlər nəticəsində, xüsusən böyük şəhərlərdə bu ənənədə nisbi zəifləmə müşahidə olunur. Kiçik şəhər və kəndlərdə isə qonaqpərvərlik olduğu kimi davam edir. Qonaq anlayışı diqqət, dəyər və səmimi ünsiyyət deməkdir. İnsanlar maddiyyata deyil, mahiyyətə önəm verdikdə qonaqpərvərlik üçün heç bir maneə qalmır. Düzdür, bəzi insanların vaxt problemi, iş gərginliyi var, xüsusilə böyük şəhərlərdə tez-tez qonaq gedib-gəlmək çətinləşir. Amma buna baxmayaraq, müəyyən qədər vaxt tapıb qohum-əqrəba ilə görüşmək lazımdır. Bu, cəmiyyət üçün böyük mənəvi dəyərdir, sosial münasibətləri sağlamlaşdırır, insanlara müsbət enerji verir, ünsiyyəti, dostluğu və yoldaşlığı möhkəmləndirir, ümumi dəyərlərimizi gücləndirir. Vaxt azdırsa belə, gec-gec də olsa görüşmək mümkündür. Bəzən insanlarımız tanımadıqları şəxsləri belə qonaq edir. Kəndlərə müvəqqəti gələn birini evində saxlamaq üçün insanlar sanki yarışa girirlər ki, qonaq məhz onlarda qalsın. Biz belə bir xalqıq və bu dəyəri itirən deyilik. Müasir dövrün bütün təzyiqlərinə baxmayaraq, qonaqpərvərlik bizim milli kimliyimizin ayrılmaz hissəsidir. Bir dəfəlik anlamalıyıq ki, biz azərbaycanlıyıq. Nə qədər müasirləşsək də, baza dəyərlərimizdən biri olan qonaqpərvərliyi yaşadacağıq. Ən ağır, ən yoxsul şəraitdə belə, çünki hər şey istəkdən, qəlbdən asılıdır. Bu hiss qəlbdə varsa, bu dəyər də yaşayacaq”.
Səadət Əlizadə
