Qondarma rejimin son nəfəsi
Separatçı rejimin sonuna sayılı günlər qalıb desək yanılmarıq. Onların gələcək taleyi yalnız Azərbaycanın siyasi iradəsindən birbaşa asılı vəziyyətə düşüb. Xunta rejim üzvlərinin Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmaqdan başqa seçim haqqı yoxdur. Bu istiqamətdə də rejimin ilk addımı özünü buraxmaq olmalıdır.
Ekspertlər deyirlər ki, qanunsuz erməni birləşmələrinin silahlarının təhvil verilməsi rejimi dalana dirəyib.
Qarabağda Azərbaycanın yaratdığı yeni reallıqlar dövrü başlayır. Anti-terror tədbirlərindən sonra bölgənin separatçılardan təmizlənməsi işləri intensiv müstəvidə irəliləyir. Tərksilah edilən erməni silahlı dəstələrinin Ermənistana getməsi üçün dəhlizlər ayrılır, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən mülki ermənilərin təhlükəsiz çıxışına şərait yaradılır. Heç şübhəsiz, növbəti mərhələ artıq fəaliyyətsiz olan separatçı rejimin buraxılmasıdır. Görünən isə odur ki, bu məsələnin reallaşması heç də uzaq deyil. Yevlax görüşündən sonra əsas diqqət çəkən məqam Bakının nəzarəti altına düşən separatçıların erməni əhalisi üzərində təsir imkanlarını itirməsidir. Elə qondarma rejimin rəhbərlərinin səssizliyə qərq olması bunun əsas göstəricisidir. Erməni mediasında yer alan məlumatlar da rejimin tezliklə "buraxılacağı" elanına hazırlaşdığını təsdiqləyir. Belə ki, silahların təhvil verilməsi, erməni hərbçilərin və mülki ermənilərin ərazidən çıxışı xunta rejimini dalana dirəyib. Ekspertlər məhz buna görə də getmək istəyən mülki ermənilərin ərazidən çıxış prosesi başa çatandan sonra separatçıların açıq şəkildə özlərini buraxacaqlarını deyirlər.
Siyasi şərhçi Turan Rzayev deyir ki, indiki məqamda ən vacib və həllini gözləyən məsələ Xankəndindəki qondarma qurum, parlament və rejim məsələsidir: “Qurum fəaliyyətini davam etdirməyə çalışır. Və öz gücünü geri qazanmağa can atacaq. Bundan sonra da özünü qorumağa çalışacaq. Bu aspektdən sonrakı görüşlərdə erməni icması bu məsələni gündəmə gətirə bilər”.
Lakin separatçıları məşəqqətli yol gözləyir. Səbəb isə regionda bütün hərəkətlərin Azərbaycan Ordusunun nəzarətində olmasıdır. Belə ki, rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla, erməni separatçı-terrorçuların sərbəst hərəkət imkanlarını tam şəkildə bloklayıb. Bu da haqqlarında cinayət işi qaldırılan qondarma rejim rəhbərlərinin axır-əvvəl həbsi deməkdir. Elə separatçılar da İrəvana getmək üçün hansı yolu seçmələrindən asılı olmayaraq qaçınılmaz sonla üzləşəcəklərini yaxşı bilirlər. Buna görə də həbs olunmamaq üçün müxtəlif qaçış planları üzərində işləyirlər. Mövcud şərtləri analiz edən ekspertlər separatçıların keçmiş və hazırkı üzvlərinin həbs olunmamaq üçün erməni əhalisini Ermənistana daşıyan avtobuslarda qaça biləcəyini istisna etmirlər.
Siyasi şərhçi Əli Zülfüqaroğlu ARB 24-ə verdiyi açıqlada deyib ki, Azərbaycan onlarla bağlı aministiya məsələsini nəzərdən keçirə bilər: “Sadəcə olaraq Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olub təslim olmalıdırlar. Əks halda onlar həbs olunacaq. Buna görə də onlar bölgəni tərk etməyə çalışacaqlar. Mülki əhaliyə qarışıb çıxmağa çalıacaqlar. Ancaq bu da o qədər real deyil. Çünki Azərbaycan əraziyə tam nəzarət edir. Və onlar o dəqiqə aşkarlanacaq”.
Azərbaycan Qarabağda reinteqrasiya prosesini yekunlaşdırmaq istiqamətində həlledici addımı artıq Yevlax görüşü ilə atıb. Və bu prosesin yekunlaşmasında qondarma rejimin buraxılması rəsmi Bakının qarşısında duran əsas prioritetdir. Buna görə Qarabağın erməni icması ilə bu gün baş tutan Xocalı görüşü və bundan sonrakı növbəti görüşlərdə xunta rejimin buraxılması tələbi başlıca gözləntilərdəndir. Sadə dillə desək rejim istəsə də, istəməsə də buraxılmağa məcburdur.
