Qondarma rejimini özünü buraxdı
Qarabağda uzun illərdir mövcudluğunu yaşatmağa çalışan separatçı qondarma qurum artıq ləğv olundu. Qondarma rejimlə birlikdə onun tabeliyində fəaliyyət göstərən bütün dövlət qurumları və təşkilatlar da öz fəaliyyətinə son verib.
Bundan sonra hadisələrin gedişatı hər kəs üçün maraqlıdır. Xüsusilə, mütəmadi olaraq separatçı rejimə dəstək verən xarici qüvvələrin bu məqamda atacağı addımlar diqqət çəkir.
Qarabağ iqtisadi rayonunda dırnaqarası respublika mifi artıq tamamilə yoxa çıxıb. Xunta rejimin rəhbəri Samvel Şahramanyanın verdiyi bəyanatla qondarma qurumun mövcudluğu dayandırılıb. Bu hadisə həm də 44 günlük müharibənin və son antiterror tədbirlərinin məntiqi sonluğu kimi dəyərləndirilir. Eyni zamanda proseslər beynəlxalq aləmdə kifayət qədər maraq və ciddiyyətlə qarşılanıb. Separatçılara bugünədək havadarlıq edən ölkələrdən isə hələ ki reaksiya gəlməyib. Təxribatçı rejimə xüsusi yaxınlığı ilə seçilən Fransanın bundan sonra hansı iddia və tələblərlə çıxış edəcəyi müzakirə predmetidir. Çünki davam edən münaqişə zamanı Parisin regionla bağlı bəyanatları birmənalı olaraq Azərbaycanın tutduğu mövqe ilə üst-üstə düşmürdü. Lakin indiki vəziyyətdə nəinki Fransanın, ümumilikdə bütün siyasi dairələrin reallıqlar qarşısında edə biləcəyi bir şey yoxdur.
Siyasi şərhçi Əli Zülfüqarlı hesab edir ki, Ermənistanın havadarları rolunda çıxış edən separatçı rejim kartından gələcəkdə Azərbaycana qarşı hər hansı bir formada istifadə etmək imkanları sıfıra bərabərdir: “Çünki sepearatçı rejimin dırnaqarası rəhbərliyinin dırnaqarası fərmanı imzalamağı nəinki onların havadarlarını məyus etdi, eyni zamanda gələcəkdə Ermənistan daxilində belə hər hansı şovinist erməni qruplarının bu yöndə Azərbaycana qarşı fəaliyyəti üçün dırnaqarası hüquqi əsaslardan da rəsmən imtina etmiş oldular”.
Əslində Azərbaycana qarşı ikili standart sərgiləyən qərb siyasi dairələrinin siyahısı genişdir. Birləşmiş Ştatların son fəaliyyət və açıqlamaları separatçı rejimin cəsarətlənməsinə səbəb olmuşdu. Xatırlatmaq lazımdır ki, Vaşinqton Qarabağda keçirilən qanunsuz prezident seçkisinə yalnız Azərbaycanın təzyiqlərindən sonra reaksiya verdi. Ukraynada keçirilən qanunsuz seçkilərə ciddi reaksiya verən Vaşinqtonun bu prosesə laqeyd yanaşması ABŞ-ınn yalnız öz siyasi maraqlarını güddüyünü bir daha sübut etdi. Bununla yanaşı, Almaniya, BMT, habelə Avropa İttifaqının ikili bəyanatları Azərbaycanın siyasi arenada bir sıra çətinliklərlə üzləşməsinə səbəb oldu. Lakin Bakı bu kimi proseslər ilə çoxdan tanışdır. Uzun illər dırnaqarası fəaliyyət göstərən Minsk qrupunun səriştəsizliyi də bunun nümunələrindədir. Analitiklər hesab edirlər ki, indiki vəziyyətdə yeganə çıxış yolu uzunmüddətli sülhün əldə edilməsi və millətlər arasında reinteqrasiya məsələlərinin yoluna qoyulmasıdır.
Siyasi şərhçi Elçin Mirzəbəyli ARB 24-ə məsələ ilə bağlı belə açıqlama verib: “Ola bilsin ki, hansısa müstəvidə Azərbaycanın əldə etdiyi bu böyük uğurun üzərinə kölgə salmağa, həmçinin ölkəmizə qarşı müəyyən təzyiqlərin həyata keçirilməsinə böhtan və qarayaxma kampaniyaları aparmağa meyl etsinlər. Amma bunun nəticə etibarilə də indiki şəraitdə hansı bir effektiv nəticəyə gətirib çıxarılacağı gözlənilmir. Perspektivdə isə bu proseslərin yalnız Azərbaycan xalqının, dövlətinin iradəsinə uyğun şəkildə həyata keçirilməsi dayanır”.
Politoloqların fikrincə, xunta rejimin özünü buraxması həm Ermənistanın, həm də havadarlarının həqiqətləri dərk etməsinin nümunəsidir. Bu vəziyyət sülh razılığına gəlinməsi üçün müsbət hal kimi dəyərləndirilir. Hazırki proseslər isə növbəti hadisələrin gedişatını müəyyən edəcək.
Çimnaz
