Qərbin planları alt-üst oldu
Finlandiyanın müdafiə naziri Antti Hakkianen Ukraynadakı müharibənin illərlə davam edə biləcəyi barədə xəbərdarlıq edib. Nazir vurğulayıb ki, bunun üçün Rusiyanın kifayət qədər potensialı var: “Avropa liderləri Ukraynada müharibənin dalana dirənməsindən getdikcə daha çox narahat olmağa başlayırlar. Qərbin, Ukraynanın qalib gəlməsi barədə deyilənlərin çoxu şişirtmədir”.
Məsələ ilə bağlı informator.az-a açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, əgər Avropa ölkələri həqiqəti desəydi, Finlandiyanın Müdafiə Nazirinin bu fikirlərini deyərdi.
"Çünki siyasi prosesləri izləyənlər və siyasətçilər çox yaxşı bilir ki, Rusiya-Ukrayna müharibəsi Rusiya və Ukrayna arasında gedən müharibə yox, qərblə Rusiya arasında gedən müharibə və Rusiyanın zəifləməsi üçün aparılan taktikadır. Ukrayna burada yalnız qərbin qurbanı olaraq müharibədə iştirak edir. Təəssüflər olsun ki, Ukrayna xalqı və şəhərləri qərbin oyunlarından ən çox əziyyət çəkəndir".
Politoloq qeyd edir ki, bu müharibəni başlayanlar və başladanlar heç bir zərər görmürlər. Onlar müəyyən maliyyə vəsaitləri ayırmaqla Ukraynaya hərbi yardımlar etməklə əslində üzdə dəstək olduqlarını və Ukraynanın xeyrinə addımlar atdıqlarını bildirsələr də, reallıq ondan ibarətdir ki, Ukrayna üçün çox böyük zərər verirlər və Ukrayna xalqına gələcəkdə fəlakətə düçar olmağa imkan yaradırlar.
Politoloq eyni zamanda qeyd edir ki, Rusiyanın əlbəttə ki, gücü çox böyükdür və onun həm hərbi sənayesi, həm də iqtisadiyyatı güclü olan bir ölkədir.
"Rusiya təkbaşına qərblə müharibə aparırsa, bunun nə demək olduğunu bilmək o qədər də çətin deyil. Qərb ölkələri təbii ki, burada əsas məqsəd odur ki, Ukraynanın əli ilə Rusiyanın müəyyən bir faizini zəiflətsin, gücünü azaltsın. Düzdü, müharibəni aparan Ukraynadı, amma maddi və hərbi baxımdan qərb lazımi dərəcədə dəstək göstərir, ancaq təəssüf olsun ki, müharibədə həlak olanlar və müharibəni aparanlar Ukraynalılardır. Ukrayna gəncləri, uşaqlar müharibədə həlak olur, bu proseslər çox acınacaqlıdır".
Ramiz Alıyev deyir ki, qərbin planları bu müharibədə alt-üst oldu.
"Çünki qısa vaxt ərzində Rusiyanın geri addım atacağını gözləyən qərb bunu görə bilmir, əksinə, müharibə olduğu kimi davam edir. Qərb ölkələri amacına çatdımı? Bəli, qismən çatdı və orada müəyyən məsələlər var ki, məsələn ölkələrə maliyyə ayırırlar və bilirsiniz ki, ABŞ dövlət katibi və eynilə digər qərb ölkələri də artıq Ukraynaya maliyyə yardımı ayırmaqda çətinlik çəkdiklərini bildirirlər. Bu da təbii ki, Ukraynanı yarı yolda qoymaq deməkdir. Bu gözlənilən idi".
Şərhçi əlavə edir ki, sadəcə bunu açıq demək və bildirmək lazımdır ki, Ukraynanın hazırkı prezidentinin siyasətçi olmaması, qərbin şirnikləndirici vədlərinə inanması bu gün Ukraynanı fəlakətə gətirib çıxardı.
"Müharibənin nə zaman bitəcəyini bilmək əlbəttə ki, çətin məsələdir. Çünki bəlkə də Ukrayna müharibəni dayandırar, amma qərb buna imkan verməz. Rusiya isə öz məqsədlərinə çatmamış bu müharibəni dayandırmaz. Gözəl Ukrayna Respublikasından artıq əsər-əlamət qalmayıb, insanların üzünün gülüşü isə kədərə çevrilib.
Politoloq həmçinin bildirir ki, müharibə hələ bir müddət də davam edəcək və hesab edirəm ki, sonda bu müharibəni başladanlar və səbəb olanlar qalib gələcək.
"Müharibəni nə Ukrayna nə də Rusiya qazanacaq. Onlar müharibəni öz məqsədlərinə çatmaq üçün başladıblar".
Müsahib eyni zamanda deyir ki, Avropa və digər qərb ölkələri artıq məyus olublar çünki, bu müharibənin nəticəsi onların tam istədiyi formada olmadı.
"Gələcəkdə onların yenidən Ukrayna kimi qurban ölkə tapmağı da asan olmayacaq. Artıq bütün ölkələr gördü ki, qərb Ukraynanı hansı vəziyyətdə qoydu. Ona görə də NATO-ya üzv olmaq adı altında Ukraynanı aldadan həmin qərb ölkələri bu gün açıq-aşkar deyirlər ki, Ukrayna NATO-nun üzvü ola bilməz. Ona görə ki, Ukraynanın əraziləri işğal olunub və müharibə vəziyyətindədir".
Politoloq Zelenskinin siyasətdən kənar və incəsənət nümayəndəsi olduğuna görə bu məsələləri daha dəqiq bilmədiyini vurğulayır.
"Bəlkə də Zelenskinin ətrafında olan siyasətçilər və mütəxəssislər nəticənin nə olacağını ona bildirsəydilər, Zelenski bu müharibədən çəkinərdi və qərbin oyununa getməzdi. Amma təəssüflər olsun ki, artıq gecdir və neçə 10 illiklər lazım olacaq ki, Ukraynanın bu yaraları sağalsın".
Aynur Babayeva
