00:00:00
Yazar
Admin User
09.01.2026 16:21 76 2 dəq oxuma
Siyasət

Qrenlandiyaya təhlükə yaranarsa, AB ABŞ ilə birgə hərəkət edəcək

Qrenlandiyaya təhlükə yaranarsa, AB ABŞ ilə birgə hərəkət edəcək

Avropa Birliyi Qrenlandiyanın təhlükəsizliyinə yönələn istənilən təhdidə biganə qalmayacağını açıqlayıb. Birlik rəsmilərinin sözlərinə görə, Arktik regionda yerləşən bu ərazi Avro-Atlantik təhlükəsizlik sistemi üçün strateji əhəmiyyət daşıyır və risklər yarandığı halda Avropa İttifaqı ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edəcək.


Mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyinin bu tip açıqlamaları ABŞ-dən asılılığı artırmaq məqsədi daşımır:


“Əksinə, Brüsselin əsas niyyəti Vaşinqtonun Qrenlandiya ilə bağlı narahatlıqlarını yumşaltmaq və ABŞ-nin bu ərazi üzərində daha sərt və birtərəfli siyasət yürütməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, ABŞ Qrenlandiyanı öz təhlükəsizliyi üçün bir növ “ön xətt” kimi görür və mümkün risklərin bu ərazi üzərindən ABŞ-a keçə biləcəyini düşünür. Məhz buna görə də Avropa İttifaqı “nəzarət bizdədir, təhlükə yaranarsa ABŞ ilə birlikdə hərəkət edəcəyik” mesajı verməklə Vaşinqtonu daha radikal addımlardan çəkindirməyə çalışır. Qrenlandiya ətrafında yaranan müzakirələr Avropanın Rusiya və Çinlə münasibətləri fonunda baş verir. Onsuz da Ukrayna müharibəsi, Rusiyanın Avropaya təhlükə yaradan siyasəti və Çinin Moskvanı dolayısı ilə dəstəkləməsi Avropa ilə bu iki dövlət arasında münasibətləri kəskin şəkildə gərginləşdirib. Bu baxımdan Qrenlandiya məsələsi Rusiya və Çinlə münasibətlərdə ayrıca bir dönüş nöqtəsi yaratmır, çünki Avropa artıq hər iki ölkəyə qarşı təhlükəsizlik yönümlü daha sərt mövqedədir və Arktika regionu da bu ümumi qarşıdurmanın tərkib hissəsinə çevrilib. Qrenlandiyanın təhlükəsizliyi faktiki olaraq NATO-nun da gündəminə daxil olub. Alyansın əsas söz sahibi olan ABŞ bu ərazini özünün prioritet strateji məkanlarından biri kimi görür. Bu isə avtomatik olaraq Qrenlandiyanı NATO üçün də əsas müzakirə mövzularından birinə çevirir. Burada söhbət təkcə Rusiya və ya Çinin Arktikada artan fəallığından getmir, eyni zamanda Qrenlandiya üzərində kimin nəzarət sahibi olacağı məsələsi də ön plana çıxır”.

 

Ekspert qeyd edir ki, hazırda Qrenlandiya suverenlik baxımından Danimarkaya bağlı olsa da, ABŞ-nin bu əraziyə dair açıq və getdikcə daha iddialı mövqeyi Avropada və NATO daxilində ciddi narahatlıq yaradıb:

 

“Artıq müzakirələr təkcə Qrenlandiyanın xarici təhlükələrdən qorunması üzərində deyil, həm də onun ABŞ-nin mümkün təzyiqlərindən necə müdafiə olunması üzərində qurulur. Bu isə alyans daxilində birlik və həmrəyliyin qorunması məsələsini daha da aktuallaşdırır. Beləliklə, Qrenlandiya Arktikada böyük güclər arasında geosiyasi rəqabətin mərkəzinə çevrilib. Avropa İttifaqının ABŞ ilə birgə hərəkət etmək barədə verdiyi mesaj isə həm regionda sabitliyi qorumaq, həm də Vaşinqtonun mümkün birtərəfli addımlarının qarşısını almaq məqsədi daşıyır. Bu kontekstdə Qrenlandiya artıq təkcə coğrafi ərazi deyil, həm də Avro-Atlantik təhlükəsizlik arxitekturasının ən həssas nöqtələrindən biri kimi qiymətləndirilir”.

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər