Quş qripi və Nyukasl xəstəliyi aşkarlanmayıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanvarın 12-dən 16-dək ölkə ərazisində epizootoloji monitorinqlər həyata keçirib. Monitorinqlər çərçivəsində ev və vəhşi quşlar arasında quş qripi və Nyukasl xəstəliyinin yayılma ehtimalı araşdırılıb. AQTA ölkə ərazisində heyvan sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərinin davam etdirildiyini bildirir və təsərrüfat sahiblərini mövcud tələblərə riayət etməyə çağırır.
Mövzu ilə bağlı “İnformator.az”a baytar Cansu Məmmədova bildirib ki, yeni quş alarkən ən az 2 həftə karantin tətbiq etmək lazımdır:
"Quşçuluq təsərrüfatlarında bioqoruma tədbirlərini gücləndirmək, ziyarətçilərin girişini məhdudlaşdırmaq, dezinfeksiya etmə, ayrı sahələrdə saxlamaqdır. Quşların təmiz su və qida ilə təmin olunması, həmçinin yem və su qablarının mütəmadi dezinfeksiyası vacibdir. Xəstə quşların digər quşlardan ayrılmalı və lazımi halda baytar nəzarətində müalicə olmalıdır. Əllərin yuyulması, çəkmələrin dezinfeksiyası isə çox vacibdir.Quşların saxlanıldığı məkanın təmiz və nəm olmayan vəziyyətdə olmalıdır. Yeni quş alarkən ən az 2 həftə karantin tətbiq etmək lazımdır. Ən vacibi baytar vaxtı-vaxtında xəstəliyin qarşısını almaq üçün peyvəndləmə etməlidir".
Aydan Əsgərxanlı
