Quterreş-Əraqçi görüşü: Yaxın Şərqdə diplomatik çıxış yolu mümkündürmü?
BMT Baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Yaxın Şərqdə davam edən münaqişənin diplomatik yollarla həlli məsələsini müzakirə edib. Danışıqların nəticə verməsi üçün tərəflər arasında qarşılıqlı etimad yaradılmalı və effektiv vasitəçilik mexanizmi formalaşdırılmalıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən politoloq Elşad Mirbəşiroğlu, bunu münaqişələrin həllində diplomatik vasitələrin və danışıqların əsas yol olması ilə əlaqələndirir:
"Münaqişələrin həllinin optimal yolu diplomatik vasitələr və danışıqlardır. Bu baxımdan Quterreşlə Əraqçi arasında müzakirələrin aparılması müsbət haldır. Tərəflər arasında mövqelərin uzlaşdırılması və kompromisin əldə olunması diplomatik həllin mümkünlüyünü artırır. Bu, bütövlükdə Yaxın Şərqin təhlükəsizlik arxitekturası və gələcəyi üçün də vacibdir".
Ekspertə görə, danışıqların nəticə verməsi üçün tərəflər arasında qarşılıqlı etimad mühiti və effektiv vasitəçilik mexanizmi formalaşmalıdır:
"Danışıqların nəticə verməsi üçün tərəflər arasında qarşılıqlı etimad mühiti olmalıdır. Hazırda danışıqlara paralel olaraq hərbi zərbələrin baş verməsi tərəflər arasında etimadın olmadığını göstərir. Bundan əlavə, prosesdə təsirli və nüfuzlu vasitəçilərin fəal iştirakı vacibdir".
Sonda politoloq, əsas maneələr kimi qarşılıqlı etimadsızlığı və nüfuzlu, təsirli vasitəçilik mexanizminin olmamasını göstərir; bir neçə nüfuzlu ölkənin vasitəçiliyinin və kompromis imkanlarının yaradılmasını vacib hesab edir:
"Əsas problemlər tərəflər arasında qarşılıqlı etimadın olmaması və effektiv vasitəçilik mexanizminin mövcud olmamasıdır. Bir neçə nüfuzlu ölkənin vasitəçiliyinin təmin edilməsi, tərəflərin mövqelərində uzlaşma nöqtələrinin tapılması və kompromis əldə olunması vacibdir. Belə bir mexanizm yaradılarsa, danışıqların müsbət nəticə verməsi mümkündür".
Fatimə İbrahimova