Ərəb Parlamentinin Prezidenti Azərbaycanda səfərdə olub
Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd əl-Yammahi Azərbaycana səfər edib.
Məsələ ilə bağlı politoloq Tofiq Abbasov “İnformator.az”a açıqlamasında bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın münasibətləri çox sürətlə və intensiv şəkildə inkişaf edir. Bu isə sevindirici haldır. Çünki artıq faktiki olaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişik:
“Əsas istiqamətlər energetika, nəqliyyat, logistika və tranzit marşrutlarının inkişafıdır. Coğrafi baxımdan bir-birimizdən nisbətən uzaq olsaq da, ölkələr mənəvi və siyasi baxımdan bir-birinə çox yaxındır. Birincisi, İslam birliyində eyni məkanın üzvüyük. Digər tərəfdən, əsas məqsədimiz bölgələrdə həm Fars körfəzi ətrafında, həm Qafqazda, həm də Ərəbistan yarımadasında sabitliyin və davamlı inkişafın təmin olunmasıdır. Münasibətlərimiz çoxşaxəlidir. Alternativ enerji mənbələrinin istifadəsi və inkişafı sahəsində Əmirliklərin və Səudiyyə Ərəbistanın şirkətləri, xüsusilə “Masdar” və “ACWA Power”mühüm rol oynayır. Bu istiqamətdə məhsuldar layihələr həyata keçirilir. Parlamentlərarası əlaqələr, vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq, humanitar, ictimai, sosial və iqtisadi sahələrdə münasibətlər də inkişaf edir. Bakı ilə Əbu-Dabi arasında olan münasibətlər yüksək səviyyədədir və bu əməkdaşlıq bütün sahələrə sirayət edir”.
Ekspert həmçinin bunu da qeyd edib ki, Şeyx Məhəmməd bin Zayed Əl Nahyen ilə İlham Əliyev arasında şəxsi dostluq və əməkdaşlıq münasibətlərin inkişafında xüsusi rol oynayır. Bu, iki xalqın bir-birinə daha da yaxınlaşmasına töhfə verir:
“Parlamentlərarası münasibətlərin inkişafı onu göstərir ki, cəmiyyətlərimiz, vətəndaş qurumlarımız bir-birinə daha da yaxınlaşır. Qarşılıqlı tanışlıq və anlaşma münasibətlərimizin gələcəkdə daha da dərinləşməsinə və yeni məzmun qazanmasına şərait yaradacaq. Ümumilikdə mövcud vəziyyət çox müsbətdir. Məqsədimiz elə ortaq layihələr və proqramlar həyata keçirməkdir ki, hər iki tərəf üçün faydalı və dayanıqlı nəticələr əldə olunsun. Bu münasibətlərin inkişafı ilk növbədə vətəndaşlarımızın rifahının artmasına xidmət edəcək. Birləşmiş Ərəb Əmirlikləri nisbətən gənc dövlət olsa da, dünyada unikal inkişaf modeli ilə seçilir. 1971-ci ildə Şeyx Zayed bin Sultan Əl Nəhyan bir neçə əmirliyi birləşdirərək federativ dövlətin əsasını qoyub. Azərbaycan da tarixən İslam və Ərəb dünyası ilə yaxın münasibətlərə malik olub. Bu yaxınlaşma həm də ortaq dəyərlərimizdən və niyyətlərimizdən qaynaqlanır. Hesab edirəm ki, Bakı ilə Əbu-Dabi arasında münasibətlərin daha da inkişafı həm xalqlarımızın, həm də region ölkələrinin xeyrinə olacaq, yeni imkanlar və üstünlüklər yaradacaq”.
Aysun Xanatova
