Rəqəmsal dəhliz Azərbaycanın geosiyasi və iqtisadi mövqeyini gücləndirəcək
Avropa ilə Asiya arasında Azərbaycan tərəfinin təşəbbüsü ilə həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə ilk fiber-optik kabelin çəkilməsi uğurla başa çatıb.
“AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tərəfindən icra olunan “Trans-Xəzər Fiber-Optik Kabel Xətti” layihəsinə əsasən Sumqayıt şəhərindən (Azərbaycan) Aktau şəhəri (Qazaxıstan) istiqamətində 380 kilometr uzunluğunda sualtı fiber-optik kabel xətti çəkilib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, bu, Azərbaycan üçün olduqca əhəmiyyətli layihədir:
“Layihənin həm geosiyasi, həm də iqtisadi əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Ən başlıcası isə odur ki, bu təşəbbüs Avropa ilə Asiya arasında rəqəmsal dəhlizin formalaşdırılmasına xidmət edir. Məlum olduğu kimi, Orta Dəhliz layihəsi hazırda böyük aktuallıq kəsb edir. Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi isə bu dəhlizin mühüm komponentlərindən biri kimi çıxış edir. Bu infrastruktur Orta Dəhliz boyunca məlumatların yüksək sürətlə ötürülməsinə, maliyyə əməliyyatlarının və pul köçürmələrinin daha operativ həyata keçirilməsinə şərait yaradacaq. Bu isə öz növbəsində ciddi iqtisadi dividendlər vəd edir. Hələcəkdə bu rəqəmsal infrastruktur vasitəsilə yeni beynəlxalq tərəfdaşların və maliyyə resurslarının cəlb edilməsi də mümkün olacaq. Bu da Azərbaycan üçün əlavə gəlir mənbələrinin formalaşmasına töhfə verə bilər. Nəzərə almaq lazımdır ki, bu rəqəmsal dəhliz vasitəsilə məlumatların ötürülmə sürəti saniyədə təxminən 400 terabit təşkil edəcək. Bu, olduqca yüksək göstəricidir və layihənin “Rəqəmsal İpək Yolu” kimi qiymətləndirilməsinə əsas verir”.
Politoloq həmçinin bunu da qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında yaradılacaq bu rəqəmsal dəhliz iki ölkə arasında informasiya mübadiləsini sürətləndirməklə yanaşı, Orta Dəhliz boyunca əməliyyatların daha operativ həyata keçirilməsinə də imkan yaradacaq:
“Orta Dəhlizin səmərəliliyinə təsir göstərən əsas amillərdən biri yük dövriyyəsinin effektiv idarə olunmasıdır. Hazırda bu istiqamətdə müəyyən çatışmazlıqlar mövcuddur. Hesab edirəm ki, Xəzərin dibi ilə rəqəmsal dəhlizin yaradılması yük axınının daha səmərəli tənzimlənməsinə və Orta Dəhliz üzrə fəaliyyətin koordinasiyasının gücləndirilməsinə imkan verəcək. Bundan əlavə, layihə Transxəzər yükdaşımalarının daha effektiv təşkilinə, ənənəvi kommunikasiya kanallarından asılılığın azalmasına və Azərbaycanla Qazaxıstan arasında birbaşa rəqəmsal əlaqələrin genişlənməsinə şərait yaradacaq. Bu da Orta Dəhliz boyunca koordinasiyanın daha səmərəli həyata keçirilməsini təmin edəcək. Ümumilikdə, bu layihə Azərbaycanın beynəlxalq nəqliyyat və kommunikasiya sistemində rolunu daha da gücləndirəcək, ölkənin geosiyasi əhəmiyyətini artıracaq və regional əməkdaşlıqda mövqeyini möhkəmləndirən mühüm addım kimi qiymətləndirilə bilər”.
Güllər Gülhüseynova