00:00:00
Yazar
Ayşən Səlimova
13.03.2026 21:16 24 2 dəq oxuma
Sosial

Rəqəmsal savadlılıq və bölgələrdə sosial bərabərlilik

Rəqəmsal savadlılıq və bölgələrdə sosial bərabərlilik

Rəqəmsal savadlılıq sosial bərabərsizliyi azaldır, lakin bölgələr arasında fərqliliklər bu sahədə maneələr yarada bilir.

 

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Regionlarda texnoloji əlçatanlıq zəif olanda, insanlar daha çox imkan olan yerlərə üz tuturlar ki, bu da paytaxtın və iri şəhərlərin yüklənməsinə gətirib çıxarır:

 

 

"Rəqəmsal mühit, İKT texnologiyaları və innovativ yeniliklər şəhərlə kənd arasında mövcud fərqlərin aradan qaldırılması üçün mühüm imkan yaradır. Bunun üçün həm regionların, həm də paytaxtın rəqəmsal əlçatanlığını təmin etmək məqsədilə ardıcıl tədbirlərin görülməsi vacibdir. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsas prinsiplərindən biri heç kəsi kənarda qoymamaqdır. Bu prinsip bütün insanlar üçün bərabər imkan və şansların yaradılmasını nəzərdə tutur. Azərbaycan da 2016-cı ildə bu məqsədlərə qoşularaq müəyyən öhdəliklər götürüb və regionlarla paytaxt arasında fərqlərin minimuma endirilməsi istiqamətində addımlar atır. Bu yanaşma yalnız beynəlxalq öhdəliklərlə bağlı deyil. Azərbaycan sosial dövlət quruculuğu istiqamətində irəliləyir və regionların inkişafı xüsusi əhəmiyyət daşıyır. Məqsəd paytaxta və böyük şəhərlərə həddindən artıq axının qarşısını almaq, regionlarda da eyni imkan və şəraiti yaratmaqdır. Rəqəmsal mühitin inkişafı bu prosesdə mühüm rol oynayır və gənclərin yalnız paytaxtda imkan axtarmasının qarşısını ala bilər".

 

Sosioloq bildirib ki, bu həm də ölkə üzrə rəqəmsal savadlılığın bərabər səviyyədə təmin olunması deməkdir:

 

 

"Hazırda paytaxt və iri şəhərlərdə rəqəmsal savadlılıq daha yüksək səviyyədə olsa da, regionlarda da İKT texnologiyalarının tətbiqi və rəqəmsal mühitin formalaşması sürətlənir. Bu proses davamlı və dayanıqlı xarakter almalıdır. Əks halda regionlarla mərkəzi şəhərlər arasında fərqlər sosial bərabərsizliyə səbəb ola bilər. Rəqəmsal mühitin inkişafı insanların dünyagörüşünə, sosial təminatına və ümumi imkanlarına da təsir göstərir. Regionlarda texnoloji əlçatanlıq zəif olanda, insanlar daha çox imkan olan yerlərə üz tuturlar ki, bu da paytaxtın və iri şəhərlərin yüklənməsinə gətirib çıxarır. Buna görə də təhsil, səhiyyə və digər sosial xidmətlərlə yanaşı texnoloji imkanlar da regionlarda əlçatan olmalıdır. Regionlarda rəqəmsal savadlılığın artırılması üçün müxtəlif mexanizmlərdən istifadə etmək lazımdır. Bu istiqamətdə könüllü proqramlar, qeyri-hökumət təşkilatlarının təşəbbüsləri və sosial tərəfdaşlıq layihələri mühüm rol oynaya bilər. Həm dövlət qurumları, həm özəl sektor, həm də üçüncü sektor, yəni qeyri-hökumət təşkilatları bu prosesdə fəal iştirak etməlidir. Regionlarda təhsil imkanlarının genişləndirilməsi də vacibdir. Orta ixtisas və ali təhsil müəssisələrinin regionlarda fəaliyyətinin artırılması, eləcə də səyyar kursların təşkili rəqəmsal savadlılığın inkişafına töhfə verə bilər. Regional sosial-iqtisadi inkişaf proqramları çərçivəsində rəqəmsal mühitin formalaşdırılması və texnoloji biliklərin artırılması istiqamətində tədbirlərin daha da genişləndirilməsi mümkündür. Bu proses cəmiyyət daxilində sosial təbəqələr arasında mövcud fərqlərin də müəyyən qədər azalmasına müsbət təsir göstərə bilər".

 

 

Səmayə Səftərova

#azərbaycan #xəbər #yeni #rəqəmsal #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər