"Rəsmi Bakı baş verən münaqişələrin həllini diplomatik təşəbbüslərdə görür" - Deputat şərh etdi
İsrail və ABŞ qüvvələrinin İrana qarşı hücumları hələ də davam edir. Eyni zamanda, İranın Ali və Dini lideri Ayətullah Xameneinin öldürülməsindən sonra SEPAH İsrailə, o cümlədən ABŞ-nin müxtəlif ölkələrdə yerləşən hərbi bazalarına sarsıdıcı zərbələr endirir. Təbii ki, bu gərginlikdə digər ölkələrin, həmçinin Azərbaycanın mövqeyi hər kəsə çox maraqlıdır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Azərbaycanın Yaxın Şərqdə baş verən hadisələrin sülh yolu ilə həllini üstün hesab etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi beynəlxalq hüquq prinsipləri üzərində qurulub:
"Azərbaycan müharibələri dəstəkləmir və bütün münaqişələrin diplomatik yollarla həll olunmasının leyhinədir. Ölkəmizin mövqeyi beynəlxalq hüquq prinsipləri üzərində qurulub, o cümlədən müharibə edən bütün tərəfləri sülh və atəşkəsin imzalanmasına çağırırıq. Bundan əlavə, Azərbaycan bütün tərəfdaşlarla balanslı münasibət qurub. Ölkəmizin müharibə edən ölkələrlə ayrı-ayrılıqda olan əməkdaşlığı ikinci bir ölkənin maraqlarına qarşı deyil. Azərbaycan müstəqil ölkədir və bu baxımdan apardığımız siyasət də müstəqildir. Biz müharibə aparan tərəflərin heç biri ilə tərəfdaşlıq etmirik, ona görə də Azərbaycanın ABŞ, İsrail və İranla ikitərfli əlaqələri yüksək səviyyədədir. Təbii ki, bu münasibətlərimizi qorumağa çalışacağıq",-deyə deputat qeyd edib.
Müsahibimiz rəsmi Bakının münaqişələrin həlli yolunda diplomatik təşəbbüslərin irəli sürdüyünü də deyib:
"Rəsmi Bakı regionda baş verən münaqişələrin həll olunması üçün diplomatik təşəbbüslərlə çıxış edir. Bundan savayı, bir-biri ilə düşmən ölkələrin barışmasında ölkəmizin rolu böyükdür. Əlavə olaraq, iki fərqli qütbdə yerləşən Rusiya və NATO Baş qərargah rəislərinin də məhz Bakıda görüşləri keçirilib. Bu baxımdan Bakı müharibə edən tərəflərə danışıqların aparılması və münaqişənin diplomatik yollarla həll edilməsi üçün təşəbbüslərə hər zaman açıqdır. Müharibənin gedişatına gəldikdə isə, bu gün davam edən İsrail-ABŞ-İran müharibəsinin nə zaman bitəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir, çünki İranın da kifayət qədər hərbi potensialı var. ABŞ prezidenti Donald Tramp mətbuata açıqlamasında müharibənin dörd həftəyə qədər uzanacağını bildirib, lakin müharibənin gedişatı İranın məxfi raketlərinin olub-olmamasından və raket ehtiyatının sayından asılı olacaq. Təəssüf ki, müharibə davam edir və hər keçən saat dağıntıların və insan tələfatının miqyası daha da genişlənir",-deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltan