Rahat yuxunun sirri
Rahat və keyfiyyətli yuxu yalnız fiziki sağlamlıq üçün deyil, psixoloji vəziyyət üçün də həyati əhəmiyyət daşıyır. Son illərdə texnologiya sahəsində inkişaflar, yeni nəsil adyallar və beyin stimulyatorları, yuxu keyfiyyətini artırmaq və beyin ritmlərini tənzimləmək üçün istifadə olunur. Psixoloqlar bildirir ki, yuxu pozğunluqları yalnız yorğunluq deyil, həm də emosional və davranış problemlərinə səbəb ola bilər.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında psixoloq Əsmayə Hüseynova bildirib ki, keyfiyyətli yuxu sadəcə bədənin istirahəti deyil, beynin özünü bərpa etdiyi və emosional yükdən azad olduğu bir perioddur:
“Rahat yuxu üçün ən vacib amil beynin "təhlükəsizlik" hissinin bərpa olunmasıdır. Psixoloji baxımdan keyfiyyətli yuxunu artırmaq üçün kortizol səviyyəsinin aşağı salınması şərtdir. Beyin yatmazdan əvvəl günün hadisələrini "fayllara" yerləşdirməlidir. Əgər biz beynimizi yatmazdan dərhal əvvəl informasiya bombardmanına məruz qoysaq, o, "döyüş və ya qaç" rejimində qalır. Keyfiyyətli yuxu üçün qaranlıq, sərin mühit və ən əsası zehnin sakitləşdirilməsi həlledici rol oynayır.Yuxu ilə emosiyalar arasında iki tərəfli bir yol var. Yuxusuzluq emosional tənzimləmə mərkəzi olan amigdalanın həssaslığını artırır. Bu o deməkdir ki, az yatan insan kiçik hadisələrə daha aqressiv və ya daha kədərli reaksiya verir. Digər tərəfdən, depressiya və ya təşviş pozğunluğu olan fərdlərdə REM yuxusu pozulur. Beləliklə, yuxu çatışmazlığı emosional dayanıqlığı azaldır, emosional gərginlik isə yuxunu qaçırır. Bu qüsurlu dövrəni qırmaq üçün mütləq yuxu rejiminə müdaxilə edilməlidir. Yeni nəsil beyin stimulyatorları və ağırlıqlı adyallar əsasən beynin sakitləşdirici mexanizmlərini aktivləşdirməyə yönəlib. Ağırlıqlı adyalların yaratdığı təzyiq effekti beyində serotonin və melatonin hormonlarının ifrazını artıraraq insanda təhlükəsizlik və rahatlıq hissi yaradır. Bu, xüsusilə narahatlıq, təşviş və yuxu çətinliyi yaşayan insanlarda emosional sabitliyi gücləndirə bilər. Beyin stimulyatorları isə düzgün və nəzarətli istifadə edildikdə beyin ritmlərini tənzimləyərək gərginliyi azalda və yuxuya keçidi asanlaşdıra bilər. Lakin bu texnologiyaları psixoloqlar fərdi xüsusiyyətləri nəzərə alaraq istifadə edilməsinə icazə verməlidir”.
Ədilə Hüseynzadə
