Əraqçi Yaxın Şərqdəki vəziyyəti regional tərəfdaşlarla müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqları apararaq Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyətini, regional gərginliyin azaldılması yollarını və diplomatik əməkdaşlıq imkanlarını müzakirə edib.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, bu gün İran-ABŞ münasibətləri indiyədək yaşanmış ən gərgin dövrlərindən birini keçirir. ABŞ tərəfi hələlik İrana qarşı birbaşa hərbi müdaxiləyə meyilli deyil:
“Eyni zamanda, Donald Trampın verdiyi məlumata görə, vasitəçilər vasitəsilə İranla danışıqlar aparılır. Türkiyə, Misir və Səudiyyə Ərəbistanının təklifləri əsasında danışıqların Türkiyənin İstanbul şəhərində keçirilməsi ehtimal olunur. Bu çərçivədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff ilə İranın yüksək səviyyəli rəsmi nümayəndələrinin görüşü planlaşdırılır. Görüş zamanı münaqişənin diplomatik yolla həlli üçün konkret təkliflərin hazırlanması nəzərdə tutulur. ABŞ-nin əsas tələbləri üç istiqaməti əhatə edir. Birincisi, İranın uranın zənginləşdirilməsi proqramından imtina etməsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələrinin İran obyektlərinə tam girişinin təmin olunmasıdır. Ğİkincisi, İranın ballistik raket proqramının, xüsusilə raketlərin döyüş başlıqlarının ləğv edilməsidir.
Üçüncüsü isə İranın proksi qüvvələrə, xüsusilə Hizbullah, Yəməndəki qruplaşmalar, eləcə də İraq və Livandakı silahlı dəstələrə maddi və hərbi-texniki dəstəyinin dayandırılmasıdır”.
Ekspert həmçinin bunu da qeyd edib ki, İranın ali dini rəhbərliyi ölkənin mümkün hərbi müdaxiləyə hazır olduğunu və belə bir addımın regional müharibəyə çevrilə biləcəyini bildirib:
“Bu səbəbdən də açıq şəkildə bildirilir ki, İrana qarşı hər hansı hərbi müdaxilə region üçün ciddi təhlükələr yarada bilər. Xüsusilə İranla qonşu ölkələr üçün vəziyyətin ağırlaşacağı istisna edilmir. Qeyd etmək lazımdır ki, bir çox regional oyunçular münaqişənin məhz diplomatik yolla həllinin tərəfdarıdır. ABŞ İran qarşısında ultimatum xarakterli təkliflər irəli sürərək, münaqişə fonunda saxlanılan bəzi nümayişçilərin edam olunmasının qarşısının alınmasını tələb edib. Lakin daxil olan məlumatlara əsasən, İranda həbslərdən sonra bəzi hallarda edamların qısa müddət ərzində həyata keçirildiyi bildirilir. Bununla yanaşı, ABŞ-nin xüsusi diqqət yetirdiyi şəxslərdən biri barədə ölüm hökmünün müvəqqəti dayandırıldığı və onun ev dustaqlığına buraxıldığı qeyd olunur”.
“Ümumilikdə vəziyyət son dərəcə gərgindir. Həm hərbi müdaxilə ehtimalı, həm də diplomatik həll variantı yaxın günlərdə müzakirə masasındadır və prosesin hansı istiqamətdə inkişaf edəcəyi hələlik açıq qalır”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Güllər Gülhüseynova
