00:00:00
Yazar
Admin User
02.02.2026 16:36 41 3 dəq oxuma
Siyasət

Əraqçinin regional diplomatik fəallığı: Yaxın Şərqdə gərginliyin azaldılması cəhdləri

Əraqçinin regional diplomatik fəallığı: Yaxın Şərqdə gərginliyin azaldılması cəhdləri

İranın Xarici İşlər naziri Abbas Əraqçi Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə regional və qlobal məsələləri müzakirə etmək üçün telefon danışığı aparıb. Eyni zamanda, Türkiyə, Misir və Qətər ABŞ nümayəndəsi ilə İran arasında görüş təşkil etməyə çalışır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında KAFKASSAM-ın sədri Hasan Oktay bildirib ki, Abbas Əraqçi ilə regional həmkarları arasında aparılan diplomatik görüşlər Yaxın Şərqdə sabitliyə müəyyən dərəcədə töhfə verə bilər:

 

“Bu təmaslar bölgədə artan gərginliyi azaltmaq baxımından bir növ "təhlükəsizlik klapanı" rolunu oynayır. İranın qonşu və regional dövlətlərlə əlaqələrini gücləndirməsi, mümkün ABŞ-İran qarşıdurması fonunda həmin ölkələrin, xüsusilə hava məkanından istifadə və logistik dəstək məsələlərində neytral mövqe tutmasını təmin etməyə yönəlib. Bu diplomatik aktivlik ümumi regional müharibə riskini azalda bilər, lakin sahədə hərbi hərəkətliliyin yüksək olduğu bir şəraitdə diplomatik uğurun təminatı zəif olaraq qalır. ABŞ-nin İrana qarşı təhdidləri fonunda bu diplomatik səylər bir neçə strateji mesaj verir. Tehran bir tərəfdən müharibəyə hazır olduğunu nümayiş etdirir, digər tərəfdən isə diplomatiyaya qapalı olmadığını göstərməyə çalışır. Bu yanaşma İranın beynəlxalq aləmdə "aqressiv tərəf" kimi təqdim olunmasının qarşısını almağa hesablanıb. Digər tərəfdən, Türkiyə, Səudiyyə Ərəbistanı və Misirin bu prosesdə fəal görünməsi Vaşinqtona regionu genişmiqyaslı müharibəyə sürükləyəcək addımlardan çəkinmək çağırışı kimi qiymətləndirilə bilər. Bu, ABŞ-nin birtərəfli və sərt hərbi əməliyyat həyata keçirməsini siyasi baxımdan çətinləşdirən regional həmrəylik görüntüsü yaradır. Türkiyə, Misir və Qətərin vasitəçilik rolu İranla dialoq prosesində xüsusi əhəmiyyət daşıyır. Bu ölkələr həm Qərb ilə, həm də İranla eyni anda danışa bilən nadir aktorlar sırasındadır. Türkiyə NATO üzvü olmaqla yanaşı, İranla uzunmüddətli qonşuluq münasibətlərinə malikdir və bu, onu mühüm balans amilinə çevirir. Qətər uzun illərdir ABŞ və İran arasında mesaj ötürücüsü və maliyyə vasitəçisi kimi rol oynayır. Misir isə xüsusilə Qəzza və Qırmızı dəniz xəttindəki böhranlarda açar mövqeyə sahibdir. Bu ölkələrin vasitəçiliyi tərəflərin birbaşa etimad göstərmədiyi şəraitdə "arxa qapı diplomatiyası" vasitəsilə yanlış anlaşılmalardan qaynaqlanan ani müharibə riskini azaltmağa xidmət edə bilər.

Ümumilikdə, İranın bu intensiv diplomatik fəaliyyəti zaman qazanmaq və regional təcridi zəiflətmək strategiyası kimi qiymətləndirilir. ABŞ-də mümkün sərt mövqedən əvvəl Tehran region ölkələrini öz tərəfinə çəkməyə və ya heç olmasa onları neytral saxlamağa çalışır. Türkiyənin bu prosesdəki rolu isə həm regional sabitlik, həm də öz milli təhlükəsizliyi baxımından, xüsusilə mümkün miqrasiya dalğaları və təhlükəsizlik riskləri kontekstində mühüm əhəmiyyət kəsb edir. Türkiyə sakitliyin təmin olunması üçün vasitəçilik rolunu həyata keçirərkən, Rusiya və Çin ABŞ-nin İrana hücum etməsini və orada beş il müddətində bataqlığa saplanaraq böyük bir böhran yaşamasını arzulayır".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər