Ərdoğan: Afrikada yeni münaqişə bölgələrinin yaranmasına qarşıyıq
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, İsrailin Somaliləndi tanıması Afrika Buynuzunda yeni münaqişələrə səbəb ola bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Araz Xan bildirib ki, vəziyyəti dəyərləndirmək üçün Somaliləndin coğrafi mövqeyinə baxmaq lazımdır:
"Somalilənd Qırmızı dənizlə Ədən körfəzini birləşdirən Bab əl-Məndəb boğazının cənubunda çox vacib geostrateji mövqeyə malikdir. Bu qlobal ticarətin təxminən 12-15%-nin keçdiyi ərazi deməkdir. Ona görə də, bu regionda maraqları olan fərqli güclərin meydana çıxması normaldır. Misal üçün, İsrail Somaliləndə ticarət imkanları ilə yanaşı öz təhlükəsizliyinin tərkib hissəsi kimi baxır. Çünki regionda İranın təsiri ilə mübarizə aparmaq üçün Somalilənd geniş imkanlar açır. Qırmızı dənizdəki Husilərin hücumlarına qarşı kəşfiyyat və müşahidə imkanlarını artırmaq və Afrika Buynuzunda hərbi-diplomatik dayaq nöqtəsi əldə etmək üçün bundan yaxşı məkan tapmaq mümkün deyil.
Türkiyənin yanaşması isə fərqlidir. Türkiyə Somalinin bütövlüyünün tərəfdarıdır. Bu məqsədlə mərkəzi hökumətə bütün mümkün dəstəyi təmin edir. Türkiyə Somalinin parçalanmasını öz strateji investisiyalarına təhdid hesab edir. İsrail isə strateji təhlükəsizlik maraqları naminə Somalinin parçalanmasını dəstəkləyir. Bu iki fərqli yanaşma bölgəni uzunmüddətli diplomatik və hərbi gərginlik ocağına çevirir".
Aişə Mustafayeva
