Ərdoğan: Gabarda 135 milyon barel neft potensialı aşkar edilib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gabarda daha iki neft yatağında yeni ehtiyatların aşkarlandığını açıqlayıb.
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında ölkənin enerji sahəsindəki son nailiyyətləri barədə danışıb.
O bildirib ki, hazırda Gabarda Türkiyənin ən keyfiyyətli nefti hesab edilən 75,4 milyon barel neft hasil olunur. Bölgənin dağlıq ərazilərindən sevindirici xəbərlərin gəlməyə davam etdiyini deyən Ərdoğan daha iki sahədə yeni neft potensialının müəyyən edildiyini vurğulayıb.
Prezidentin sözlərinə görə, aparılan araşdırmalar nəticəsində həmin ərazilərdə 135 milyon barel yerində neft potensialı aşkarlanıb.
Ərdoğan Türkiyənin enerji tələbatının daha təhlükəsiz və sabit xərclərlə qarşılanması üçün yerli neft və təbii qaz mənbələrinin işə salınmasına xüsusi əhəmiyyət verdiklərini bildirib.
O qeyd edib ki, ölkə həm daxildə, həm də xaricdə bu istiqamətdə çoxsaylı addımlar atıb və investisiyalar həyata keçirib. Hazırda Qara dənizdən hasil edilən təbii qaz 4 milyon ailənin tələbatını ödəyir. O, “Osmangazi” gəmisi vasitəsilə bu göstəricinin 8 milyon ailəyə çatdırılmasının planlaşdırıldığını da bildirib.
TRT Haber
İbrahimova Fatimə