00:00:00
Yazar
Admin User
02.02.2026 17:07 46 2 dəq oxuma
Siyasət

Ərdoğan nazirlərlə İran-ABŞ gərginliyini müzakirə edəcək

Ərdoğan nazirlərlə İran-ABŞ gərginliyini müzakirə edəcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək. İclasda İran-ABŞ gərginliyi, Qəzza və Ukraynadakı son durum, Suriyada sərhəd təhlükəsizliyi, eləcə də ölkə iqtisadiyyatının mövcud vəziyyəti müzakirə olunacaq.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Türkiyə üçün olduqca qəliz bir situasiya yaranıb:

 

“Çünki müasir dövrdə mövcud olan bütün gərgin situasiyalar, qarşıdurmalar və münaqişələr məhz Türkiyə sərhədləri ətrafında cərəyan edir. Bu, Ukrayna müharibəsində də belədir, Qəzza böhranı da eyni vəziyyəti yaradır. Bütün bunlar azmış kimi, əlavə olaraq İran ətrafında da gərginlik formalaşıb və hər an Türkiyə sərhədləri yaxınlığında yeni bir müharibə və ya hərbi əməliyyatlar başlaya bilər. Təbii ki, rəsmi Ankara bundan ciddi şəkildə narahatdır. Çünki əgər ABŞ İrana hərbi müdaxilə edərsə, bu, ilk növbədə İranın qonşularına, eləcə də Türkiyəyə mənfi təsirlər göstərə bilər. Ona görə də, rəsmi Ankara bu məsələni və digər münaqişə mövzularını daim gündəmdə saxlayır və müzakirə edir. Türkiyənin ata biləcəyi addımları və verəcəyi reaksiyaları əvvəlcədən müəyyənləşdirib qərarlaşdırmağa çalışır ki, bu da tamamilə təbii bir prosesdir. Onu da nəzərə almaq lazımdır ki, bu üç böhrandan əlavə Türkiyənin Suriya ilə bağlı problemləri hələ də davam edir. Çünki Suriyada PKK-nın Suriya qolu hələ tam şəkildə sıradan çıxarılmayıb və bu baş verməyənə qədər Türkiyənin Suriya ilə sərhədləri daim təhlükə altında qalacaq. Buna görə də rəsmi Ankara bu məsələnin mümkün qədər tez həll olunmasına xüsusi diqqət yetirir. 

Ümumilikdə götürdükdə, Türkiyə öz sərhədləri ətrafında baş verən münaqişələrdən ciddi şəkildə narahatdır və bu proseslərə yönəlik reaksiyasını xarici siyasətində əsas prioritetlərdən biri kimi ön planda saxlayır. Bu baxımdan, demək olar ki, ABŞ-nin İrana hərbi müdaxiləsi Türkiyənin maraqlarına tamamilə ziddir. Rəsmi Ankara belə bir müharibənin baş verməsini istəmir və dəfələrlə bəyan edib ki, ABŞ ilə İran arasındakı ziddiyyətlər yalnız siyasi və diplomatik yollarla həll edilməlidir. Hətta rəsmi Ankara bu prosesdə öz vasitəçiliyini də təklif edib. Lakin hələlik vəziyyət kifayət qədər qəliz olaraq qalır və Türkiyə öz narahatlığını gizlətmir".

 

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər