Ərdoğan-Paşinyan görüşü region üçün nə vəd edir?
BMT Baş Assambleyasının 81-ci sessiyası ilə əlaqədar ABŞ-nın Nyu-York şəhərinə səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.Tərəflər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması və əldə edilən razılaşmaların həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Normallaşdırma prosesinin təşviq edilməsinin vacibliyi və münasibətlərə yeni təkan vermək istəkləri vurğulanıb. Bu baxımdan, tərəflər ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsini, işgüzar dairələr arasında əlaqələrin qurulmasını və Anidəki tarixi körpünün birgə bərpası üzərində ardıcıl işləməyi zəruri hesab ediblər.
Mövzunu “İnformator.az”a şərh edən politoloq Züriyə Qarayeva bildirib ki, görüşün əsas qayəsi münasibətləri nəzəri bəyanatlardan praktik müstəviyə keçirməkdir:
“Ərdoğan-Paşinyan görüşünün əhəmiyyəti ondan ibarətdir ki, Türkiyə-Ermənistan normallaşması artıq yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, Cənubi Qafqazda daha geniş regional əməkdaşlıq kontekstində müzakirə olunur. Görüşdə ticarət və nəqliyyat əlaqələrinin inkişafı, biznes dairələri arasında təmaslar və Ani tarixi körpüsünün birgə bərpası kimi konkret istiqamətlərin gündəmə gətirilməsi münasibətlərin praktik müstəviyə keçirilməsi niyyətini göstərir. Eyni zamanda, tərəflərin Azərbaycan-Ermənistan sülh prosesini regional əməkdaşlığın inkişafı ilə əlaqələndirməsi onu göstərir ki, Ankara İrəvanla normallaşmanı regiondakı ümumi sülh və kommunikasiya prosesindən ayrı nəzərdən keçirmir. Bu mənada gələcəkdə Azərbaycan-Türkiyə-Ermənistan arasında nəqliyyat, ticarət və logistika üzrə yeni əməkdaşlıq mexanizmlərinin yaranması üçün əlavə imkanlar formalaşa bilər”.
Ekspert bildirib ki, regionda nəqliyyat xətlərinin açılması Azərbaycan-Türkiyə oxunda alternativ tranzit imkanlarını genişləndirəcək və logistik balansı möhkəmləndirəcək:
“Regional kommunikasiyaların açılması isə Azərbaycan və Türkiyə üçün ilk növbədə daha geniş və alternativ nəqliyyat bağlantılarının inkişafı baxımından əhəmiyyət daşıyır. Görüşdə TRIPP layihəsinin həyata keçirilməsi və regional nəqliyyat xətlərinin açılması ayrıca vurğulanıb. Bu proses reallaşarsa, Azərbaycanla Türkiyə arasında Ermənistan ərazisindən keçən bağlantıların inkişafı, regional tranzit imkanlarının genişlənməsi və Cənubi Qafqazın Şərq-Qərb ticarət marşrutlarında rolunun artması üçün şərait yarada bilər. Bununla belə, bu imkanların praktik nəticəyə çevrilməsi tərəflər arasında razılaşmaların icrasından, sərhəd və gömrük prosedurlarından, eləcə də Azərbaycan-Ermənistan normallaşmasının davamlılığından asılı olacaq”.
Zəri Bayramlı