Ərdoğan-Tramp əməkdaşlığı region üçün hansı perspektivlər vəd edir?- ŞƏRH
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə sülhün və sabitliyin qorunması istiqamətində ABŞ Prezidenti Donald Trampla əməkdaşlığın davam etdiriləcəyini bəyan edib. O, iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, həm regional təhlükəsizlik, həm də iqtisadi əlaqələrin inkişafı baxımından qarşıdakı dövrdə birgə fəaliyyətin davam edəcəyini bildirib.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Türkiyə ilə ABŞ arasında əməkdaşlığın güclənməsi bölgə üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır:
"Bu əməkdaşlıq eyni zamanda, bölgədə sülhə öz töhfəsini verə bilər. Zəngəzur dəhlizi məsələsində də ABŞ-nin iştirakı həm nəzərdə tutulan layihələrin həyata keçirilməsinə, həm də ümumilikdə bölgədə sülhün davamlılığına öz töhfəsini verəcək. Donald Tramp ilə Rəcəb Tayyib Ərdoğanın əməkdaşlığı hər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə inkişafına böyük töhfə verir. Eyni zamanda, bu əməkdaşlıq regionda sülhə, inkişafa, yeni iqtisadi və ticarət əlaqələrinin yaranmasına zəmin yaradır. ABŞ-nin regionda güclənməsi İran və Rusiyanı narahat edir. Rusiya imperializm siyasətindən yaxa qurtara bilmir, İran isə əsasən Ermənistanın Türkiyə və Azərbaycan ilə barışmasını həzm edə bilmir. Bütün bunlara rəğmən, Türkiyə və ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsi ehtimal olunan təhdidləri də neytrallaşdıracaq. ABŞ-Türkiyə əməkdaşlığının güclənməsi bütün region üçün faydalar vəd edir".
Mehriban Yariyeva