Ərdoğan Trampla Yaxın Şərqi müzakirə edib - DEPUTATDAN AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donalt Tramp ilə telefonla danışıb.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Türkiyə Cümhuriyyəti böyük bir coğrafiyada hər gün bir qədər daha çox söz sahibinə çevrilən ölkələrdən biridir:
“Xüsusilə söhbət Yaxın Şərqdən gedirsə, Türkiyənin bu coğrafiyada baş verən hadisələrə təsir imkanları olduqca güclüdür. Buna görə də Amerika Birləşmiş Ştatlarının prezidenti ilə qardaş ölkənin prezidentinin Qəzzada və İranda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparması zəruridir və heç şübhəsiz, bu görüşlər hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinə real təsir göstərə biləcək perspektivlərə malikdir. Hər şeydən aydın görünür ki, bundan sonra Yaxın Şərqdə və Körfəz bölgəsində formalaşacaq yeni reallıqlar müharibədən əvvəlki dövrdən kəskin şəkildə fərqlənəcəkdir. Bütün istiqamətlər onu göstərir ki, Aralıq dənizi, Yaxın Şərq və Körfəz bölgəsində formalaşan yeni güc balansında Türkiyənin rolu daha da artacaqdır. Bu rol həm Amerika Birləşmiş Ştatları–Türkiyə münasibətləri kontekstində, həm də Avropa İttifaqı–Türkiyə münasibətləri çərçivəsində daha strateji əhəmiyyət kəsb edəcəkdir”.
Deputatın sözlərinə görə, Yaxın Şərqdə formalaşacaq yeni təhlükəsizlik konsepsiyasında və iqtisadi münasibətlər sistemində Türkiyənin rolu artmaqda davam edəcəkdir:
“Çünki coğrafi baxımdan yeni təhlükəsizlik konsepsiyasını və yeni reallığı formalaşdırıb qorumaq potensialına malik ən real aktorlardan biri məhz Türkiyədir. Bu kontekstdən baxdıqda, şübhəsiz ki, Türkiyənin beynəlxalq münasibətlərdə rolunun və gücünün artması Azərbaycanın mövqeyinin də möhkəmlənməsi deməkdir. Məncə, baş verən proseslər Azərbaycan prizmasından baxıldıqda da xüsusi əhəmiyyət daşıyır”.
Selcan Xudiyeva