00:00:00
Yazar
Elmira Ağayeva
08.05.2026 20:23 17 2 dəq oxuma
Siyasət

Ərdoğan: "Türkiyə Fələstində iki dövlətli həlli dəstəkləyir"

 

 

Ərdoğan: "Türkiyə Fələstində iki dövlətli həlli dəstəkləyir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə görüşü zamanı Fələstin məsələsində iki dövlətli həlli dəstəklədiklərini bəyan edib. O, bölgədə zorakılığın dayandırılması məsələsində Türkiyə və Əlcəzairin ortaq mövqeyə malik olduğunu vurğulayıb, həmçinin İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsini müsbət qiymətləndirib.

 

 

Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti ilə görüşündə mühüm məsələlərə toxunub:

 

 

“Türkiyə Prezidenti aktual beynəlxalq məsələlərlə bağlı aydın və prinsipial mövqeyini bir daha ifadə edib. Xüsusilə vurğulamaq lazımdır ki, cənab Ərdoğan İslam birliyinin formalaşması və möhkəmlənməsi prosesində mühüm rol oynayır. Eyni zamanda, İslam ölkələri arasında əməkdaşlığın genişlənməsi və vacib məsələlər üzrə ortaq mövqenin formalaşdırılması baxımından Türkiyə müəyyənedici aktor kimi çıxış edir. Bunu müxtəlif beynəlxalq platformalarda aparılan müzakirələr və davamlı əməkdaşlıq fonunda aydın şəkildə müşahidə edirik.

 

 

Müasir dünyanı ciddi şəkildə narahat edən əsas problemlərdən biri də Fələstin-İsrail münaqişəsidir. Yarım əsrdən çoxdur ki, bu münaqişə Yaxın Şərqdə təhlükəsizlik və əməkdaşlıq üçün ciddi təhdid olaraq qalır. Prezident Ərdoğan isə hər zaman problemin həlli yolu kimi iki dövlətin yaradılması ideyasını dəstəkləyib. O, Əlcəzair Prezidenti ilə görüşü zamanı da münaqişənin həllinin yeganə yolunun məhz iki dövlətli model olduğunu bir daha vurğulayıb”.

 

 

Politoloqun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində də İsrail-Fələstin münaqişəsinin tənzimlənməsi üçün iki dövlət prinsipi əsas çıxış yolu kimi qəbul olunur:

 

 

“‘İki xalq – iki dövlət’ prinsipi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Cənab Ərdoğan da bu mövqedən çıxış edərək hesab edir ki, iki xalqın öz müstəqil dövlətinə sahib olması Yaxın Şərqdə uzun illərdir davam edən münaqişənin aradan qaldırılması üçün ən effektiv yoldur. Bu prinsipin dəstəklənməsi və ona uyğun real addımların atılması regionu təhlükəli münaqişə mühitindən xilas edə, əməkdaşlıq və təhlükəsizliyin bərqərar olmasına şərait yarada bilər.

 

 

Bu baxımdan Türkiyə Prezidenti ardıcıl və ədalətli mövqe nümayiş etdirir. Onun çıxışları bir daha göstərir ki, Türkiyə Yaxın Şərqdə sülh və sabitliyin təmin olunmasında səmimi şəkildə maraqlıdır və bu istiqamətdə praktiki addımlar atmağa hazırdır”.

 

 

Mələk Hüseynova

#Türkiyə #Əlcəzair #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər