Ərdoğanın İranla bağlı mövqeyi həm diplomatik, həm də strateji addımdır - RƏY
Müasir beynəlxalq münasibətlər sistemi mürəkkəb geosiyasi proseslər və regional gərginliklərlə xarakterizə olunur. Xüsusilə,Yaxın Şərq və ətraf bölgələrdə baş verən hadisələr dövlətlərin xarici siyasət mövqelərini daha da aktuallaşdırır. Türkiyə Prezidenti İranın bölgədəki siyasətinə tənqidi yanaşaraq, eyni zamanda bu ölkənin tamamilə məhv edilməsinə yönəlmiş addımları dəstəkləmədiyini vurğulayır.
Mövzu ilə bağlı "İnformator.az"a politoloq Fikrət Sadıqov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu münaqişədə münasibəti kifayət qədər balanslıdır və bu balansın da əsasları var:
“ İranla Türkiyə arasında o qədər də yaxın dostluq münasibətləri, müttəfiqlik olmasa da, o başa düşür ki, ABŞ-nin və İsrailin bu ölkəyə birdən-birə belə əməliyyatlara başlaması, əlbəttə, regionda müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Eyni zamanda Türkiyənin İsrailə qarşı münasibəti bəllidir. Çünki Türkiyə hesab edir ki, İsrail bu məsələlərin mürəkkəbləşməsinə gətirib çıxaran bir dövlətdir. Biz gördük ki, onun hətta HƏMAS-a qarşı İsrailin addımlarını Türkiyə o qədər də dəstəkləmədi, tənqid etdi və hesab etdi ki, orada artıq dinc əhali qırıldı və bu da İsrailin belə hərəkətlərinin nəticəsi oldu. Ola bilsin ki, burada başqa bir məsələ də gündəmdə olsun. Yəni, biz görürük ki, İran ərəb ölkələrində zərbələr endirir, Fars körfəzi dövlətlərinə də zərbələr vurur. Eyni zamanda biz başa düşürük ki, Ərdoğan bu zərbələrin endirilməsinin tərəfdarı deyil və başa düşür ki, yaxın şəraitdə bu addımlar müəyyən yeni qanlı münaqişəyə gətirib çıxara bilər və bu da bir sıra digər dövlətləri də əhatə edə bilər. Ona görə mənə elə gəlir ki, Ərdoğanın diplomatik addımları kifayət qədər düzgün və əsaslıdır və təkcə öz maraqlarına deyil, hətta Yaxın Şərqin maraqlarına cavab verən mövqedir".
Mehriban Yariyeva