00:00:00
Yazar
Admin User
04.02.2026 09:29 251 3 dəq oxuma
Siyasət

"Ərdoğanın Səudiyyə səfəri regionda yeni təhlükəsizlik oxunun əsasını qoya bilər"

"Ərdoğanın Səudiyyə səfəri regionda yeni təhlükəsizlik oxunun əsasını qoya bilər"

Prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı Səudiyyə Ərəbistanına səfər edib və burada vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Ankara ilə Ər-Riyad arasında münasibətlərin bir çox sahələrdə daha yüksək səviyyəyə yüksəldiləcəyi vurğulanarkən, 2 milyard dollarlıq günəş enerjisi layihəsi də daxil olmaqla dörd saziş imzalanıb.

Bundan əlavə, Ərdoğanın bu səfəri İsrail mətbuatı tərəfindən də yaxından izlənilib. Belə ki, Təl-Əviv mərkəzli “Maariv” qəzeti Yaxın Şərq Zirvəsi: "Türkiyə cənub cəbhəsində təsirini genişləndirir” başlıqlı yazısında Ərdoğanın Səudiyyə Ərəbistanına səfərinin kritik bir dövrə təsadüf etdiyini bildirib. Əlavə olaraq, Qahirədə davam etdirilməsi gözlənilən bu səfərlə Türkiyə, Səudiyyə Ərəbistanı və Misiri əhatə edən üçtərəfli təhlükəsizlik oxunun formalaşa biləcəyini, liderlərin gündəmində təhlükəsizlik problemləri fonunda regional koordinasiya məsələsinin yer alacağı kimi ifadələr də öz əksini tapıb.

 

Mövzu ilə əlaqədar Marmara Universiteti İnsan və Toplum Bilimləri fakültəsinin professoru, siyasi şərhçi Ali Satan "İnformator.az"a açıqlamasında İsrailin xarici siyasətinin müharibə, soyqırım, təhdid və şantaj üzərində qurulduğunu, həmçinin Netanyahunun artıq ABŞ də daxil olmaqla bir çox ölkələrə rahat şəkildə səfər edə biləcək nüfuz və etibara malik olmadığını bildirib.

 

Türkiyənin Misir və Səudiyyə Ərəbistanı ilə münasibətlərinin yaxşılaşmasına doğru getdiyini qeyd edən müsahibimiz, həmçinin Türkiyənin sülhpərvər siyasəti dəstəkləyən bir ölkə olduğunu da əlavə edib:

 

"Türkiyə hər zaman sülhpərvər siyasəti dəstəkləyən bir ölkə olub. Müharibə və qarşıdurmaların qarşısını almaq üçün ciddi səylər göstərir. Prezident Rəcəb Tayyib Ərdoğan açıq şəkildə görür və bilir ki, regionumuzda baş verən müharibələr nə Türkiyənin, nə Misirin, nə də Səudiyyə Ərəbistanının maraqlarına uyğundur. Bir müddətdir ki, Türkiyə ilə Səudiyyə Ərəbistanı və Misir arasında münasibətlər yenidən yaxşılaşmağa, inkişaf etməyə başlayıb. Ərdoğanın səfəri, imzalanan razılaşmalar bu sabit və müsbət gedişatın bariz təzahürüdür".

 

İsrailin regionda daim sülh prosesinə xələl gətirən siyasətini şərh edən Ali Satan, eyni zamanda İsrailin manipulyasiyaedici addımlarından da söz açıb:

 

"Məlum olduğu kimi, Türkiyə Qəzzada atəşkəsin təmin olunması üçün böyük səylər göstərib. Bu səfərlərin əsas gündəm mövzularından biri də məhz Qəzza məsələsi və orada sülhün bərqərar olunmasıdır. Regionumuzun aparıcı ölkələri bu problemin daimi sülh yolu ilə həllinə çalışıb. Türkiyənin Qəzzada daha fəal rol almasını istəməyən İsrail isə bu məsələni manipulyasiya edir. Bu məqama xüsusi diqqət yetirməliyik. Türkiyə 2010-cu illərdə Yaxın Şərq iqtisadi birliyi ideyasını gündəmə gətirirdi. Lakin “Ərəb baharı” adı ilə başladılan proses sonradan ərəb dünyası üçün bir fəlakətə çevrildi. İsrail region ölkələrinin öz aralarında yaxşı münasibətlər qurmasını hər zaman öz baxımından təhlükəsizlik problemi kimi qiymətləndirir və bunu pozmaq üçün əlindən gələni edir. Halbuki regional əməkdaşlıq, yaxşı münasibətlər və inkişaf hamının xeyrinədir, lakin İsrail isə bunu qəbul edə bilmir".

 

Ankaranın regionumuzda çox mühüm bir aktor olduğunu vurğulayan professor İsrailin növbəti atacağı addımlarını da şərh edib:

 

"Ankaranın regionumuzda çox mühüm bir aktor olduğu həqiqətdir. Səudiyyə Ərəbistanı və Misir kimi İslam dünyasının önəmli dövlətləri ilə birgə hərəkət etmək, xüsusilə, Qəzza kimi təcili məsələlərdə ortaq mövqe və anlayış formalaşdırmaq mümkün olarsa, İsrailin manevr imkanları daha da məhdudlaşa bilər. Məhz bu səbəbdən düşünürəm ki, İsrail bu prosesi pozmaq üçün hər cür addım ata bilər",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mayıl Soltan 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər