00:00:00
Yazar
Banuçiçək Məmmədova
30.03.2026 22:11 23 3 dəq oxuma
Siyasət

Regionda gərginlik artır: İran dəstəyi ilə İsrailə raket hücumu iddiası

Regionda gərginlik artır: İran dəstəyi ilə İsrailə raket hücumu iddiası

Yaxın Şərqdə onsuz da həssas olan təhlükəsizlik vəziyyəti daha da gərginləşməkdədir. İranın dəstəyi ilə İsrailə qarşı raket hücumlarının həyata keçirildiyi barədə yayılan məlumatlar regionda eskalasiyanın yeni mərhələyə keçdiyini göstərir. Bu cür addımlar yalnız iki tərəf arasında deyil, bütövlükdə bölgədə daha genişmiqyaslı qarşıdurma riskini artırır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, son bir ay ərzində İran, İsrail və ABŞ arasında qarşılıqlı zərbələrin intensiv xarakter alması Yaxın Şərqdə təhlükəsizlik mühitinin keyfiyyətcə yeni və daha təhlükəli mərhələyə keçdiyini göstərir:

 

“Əvvəllər əsasən dolayı qarşıdurma və proksi qüvvələr üzərindən aparılan mübarizə artıq açıq hərbi toqquşma elementləri ilə əvəzlənib. Bu isə regiondakı güc balansına birbaşa təsir edərək daha qeyri-sabit və proqnozlaşdırılması çətin bir vəziyyət yaradır. İranın həm İsrail ərazisinə, həm də Körfəz regionunda ABŞ hərbi mövcudluğuna qarşı zərbələr endirməsi, eləcə də Hörmüz təhdidi və ərəb ölkələrində enerji infrastrukturunu, limanları, sənaye sahələrini hədəfə alması onun strateji davranışında daha riskli və iddialı xəttə keçdiyini göstərir. Bu addım Tehranın yalnız regional deyil, qlobal güc strukturlarına da meydan oxumaq niyyətində olduğunu ortaya qoyur. Eyni zamanda, İsrail və ABŞ-nin İrana qarşı davamlı cavab zərbələri klassik çəkindiricilik mexanizminin zəiflədiyini göstərir. Əgər əvvəlki dövrlərdə tərəflər eskalasiyadan çəkinirdisə, hazırda qarşılıqlı zərbələr faktiki olaraq birbaşa münaqişəni özündə ehtiva edir. Bu dinamika regiondakı güc balansını çoxqütblü və daha fragmentləşmiş hala gətirir. İran yenə də Hizbullah və Husi hərəkatı kimi müttəfiqlər vasitəsilə təsir imkanlarını saxlayır və onlardan isatifadə edir. Digər tərəfdən, İsrailin çoxcəhətli hava və raket hücumları onun regional hərbi üstünlüyünü qorumağa çalışdığını göstərsə də, eyni vaxtda bir neçə cəbhədə fəaliyyət göstərmək uzunmüddətli perspektivdə resurs baxımından ciddi yük yaradır. Genişmiqyaslı müharibə riski hazırkı şəraitdə əvvəlki dövrlərlə müqayisədə xeyli yüksəkdir. Artıq məsələ yalnız ehtimal deyil, qismən reallığa çevrilmiş eskalasiya mərhələsidir. Əsas təhlükə isə tərəflərin “qırmızı xətlərinin” getdikcə qeyri-müəyyənləşməsidir. Belə vəziyyət regionda zəncirvari reaksiya yaradaraq digər aktorları da münaqişəyə cəlb olunma ehtimalını artırır. Beynəlxalq ictimaiyyətin reaksiyası isə nisbətən passiv və parçalanmış xarakter daşıyır. Birləşmiş Millətlər Təşkilatı səviyyəsində çağırışlar və bəyanatlar verilsə də, real təsir imkanları məhduddur. Böyük güclər arasında konsensusun olmaması vəziyyətin diplomatik yolla tənzimlənməsini çətinləşdirir. Eyni zamanda, enerji bazarları və qlobal ticarət marşrutları üzərində risklərin artması beynəlxalq aktorları daha aktiv mövqe tutmağa məcbur edə bilər.
Diplomatik həll yolları isə hazırda ən zəif mərhələsindədir. Etimadsızlıq dərinləşib, tərəflər isə daha çox hərbi üstünlük qazanmağa fokuslanıb. Buna baxmayaraq, Türkiyə, Pakistan, Qətər kimi aktorlar vasitəçilik üçün potensial platforma yarada bilərlər. Lakin real irəliləyiş yalnız tərəflər arasında hərbi eskalasiyanın dayandırılması və minimum etimadın bərpası ilə mümkün ola bilər.
Odur ki, son bir ayda baş verən qarşılıqlı zərbələr Yaxın Şərqdə artıq “soyuq qarşıdurma” mərhələsinin geridə qaldığını və açıq, lakin hələ tammiqyaslı olmayan müharibə mərhələsinin başladığını göstərir. Bu vəziyyətin necə inkişaf edəcəyi isə əsasən tərəflərin eskalasiyanı nə dərəcədə idarə edə bilməsindən asılı olacaq”.

 

Banuçiçək Məmmədova

#iddiası #gündəm #xəbər #i̇srailə #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər