“Regiondakı heç bir ölkə bu savaşa qoşulmaq istəmir”- ŞƏRH
“Birincisi, İran mülki əhaliyə zərbələr endirib. Onlar kütləvi qırğın silahından istifadə edirlər. Xoşbəxtlikdən heç kim ölməyib, amma bu, daha çox şansdır. İkincisi, onlar Qüdsü üç monoteist dinin müqəddəs yerləri - Qərb Divarı, Müqəddəs Qəbir Kilsəsi və Əl-Əqsa Məscidi yaxınlığında atəşə tutublar. Və hansısa möcüzə nəticəsində heç kim xəsarət almayıb”, - deyə Benyamin Netanyahu bildirib.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, müharibənin hər iki tərəfində bu məsələ ilə bağlı kifayət qədər narahatlıqlar var:
“Hər iki tərəf iddia edir ki, qarşı tərəf mülki əhaliyə, obyektlərə və tarixi abidələrə zərbələr endirir. Bunu həm İran, həm də İsrail tərəfi bildirir. İsrail Baş nazirinin belə açıqlama ilə çıxış etməsi gözlənilən idi. O da qarşı tərəfi ittiham edir ki, İran mülki əhaliyə, obyektlərə, hətta tarixi abidələrə zərbələr endirir. Burada üç dinin müqəddəs məkanları qeyd olunur: yəhudilər üçün müqəddəs olan Qərb Divarı, xristianlar üçün Müqəddəs Qəbir Kilsəsi və müsəlmanlar üçün müqəddəs sayılan Əl-Əqsa məscidi. Bu kifayət qədər iddialı məsələdir və İrana qarşı beynəlxalq koalisiyanın formalaşması üçün İsrail tərəfindən irəli sürülmüş daha çox mənəvi-psixoloji xarakterli bir yanaşmadır. Lakin bu səbəbdən geniş koalisiyanın formalaşacağı və müharibəyə əlavə ölkələrin qoşulacağı çox da gözlənilmir”.
Zeynal Əmrəliyev qeyd edib ki, ilk növbədə tərəflər arasında hazırda çox ciddi müharibə gedir:
“Heç bir ölkə regiondakı bu münaqişənin birbaşa tərəfi olmaq istəmir. Hətta İranın zərbələr endirdiyi körfəz ərəb ölkələri belə bu savaşa qoşulmaq niyyətində deyil. Açıq şəkildə görünür ki, həmin koalisiyada iştirak etmək istəmirlər. Digər tərəfdən, ABŞ və İsrailin Avropadakı müttəfiqləri də bu müharibəyə qoşulmaq istəmir. Dəfələrlə ABŞ-dən çağırışlar edilsə də, körfəzdə vəziyyətlə bağlı proseslərə qoşulmaq üçün addım atılmayıb. Netanyahunun bu cür açıqlamalarından sonra belə onların prosesə qoşulması çox da inandırıcı görünmür”.
Nuray Əliyeva